Yeni Suraxanı ərazisindəki yolda təhlükəli vəziyyət: Çala, işləməyən işıq dirəyi və əks yola çıxan avtomobillər- VİDEO
Yeni Suraxanı qəsəbəsində, Köhnə Talkuçka yolu kimi tanınan ərazidə yaranmış dərin çala sürücülər üçün ciddi təhlükə yaradır. Üstəlik, ərazidəki işıq dirəyinin işləməməsi gecə saatlarında vəziyyəti daha da çətinləşdirir. Sürücülər çaladan yayınmaq üçün bəzən əks istiqamətli hərəkət zolağına çıxmağa məcbur qalırlar.
Azmedia.Az xəbər verir ki, sözügedən yolun hərəkət hissəsində yaranmış dərin çala sürücülərin narazılığına səbəb olub. Çalanın ölçüsü və yolun hərəkət üçün yaratdığı çətinlik səbəbindən avtomobillərin təkər və disklərinin zədələndiyi bildirilir.
Ərazidə vəziyyəti daha da təhlükəli edən digər məqam isə işıqlandırmanın işlək olmamasıdır. Yolun həmin hissəsində yerləşən işıq dirəyinin işləməməsi xüsusilə gecə saatlarında çalanın sürücülər tərəfindən vaxtında görünməsini çətinləşdirir.
Sürücülərin sözlərinə görə, çaladan yayınmaq üçün nəqliyyat vasitələri ilə qəfil manevr etmək, bəzi hallarda isə əks hərəkət zolağına çıxmaq məcburiyyətində qalırlar. Bu isə qarşı istiqamətdən gələn avtomobillərlə toqquşma riskini artırır.
Beləliklə, ərazidə həm yol örtüyünün vəziyyəti, həm də işıqlandırmanın işləməməsi sürücülər üçün əlavə təhlükə yaradır.
Sürücülər bildirirlər ki, problem yalnız avtomobillərin təkər və disklərinin zədələnməsi ilə məhdudlaşmır. Yolun bu vəziyyətdə qalması daha ciddi qəzalara da səbəb ola bilər.
Əsas sual isə budur: Köhnə Talkuçka yolunda yaranmış bu təhlükəli vəziyyətə kim cavabdehdir? Sürücülərin çalaya düşərək avtomobillərinə vurduğu zərəri kim ödəməlidir və qəza baş verməzdən əvvəl bu problem niyə aradan qaldırılmır?
Əli Şəyəldiyev
Azmedia.Az


