Xətai qətlinin pərdəarxası: 11 nəfər həbs edildi, cinayətkar birliyin fəaliyyəti üzə çıxdı- VİDEO

Xətai qətlinin pərdəarxası: 11 nəfər həbs edildi, cinayətkar birliyin fəaliyyəti üzə çıxdı-

Bakının Xətai rayonunda 43 yaşlı Ceyhun Mirağayevin bıçaq xəsarətləri alaraq öldürülməsi ilə bağlı cinayət işi üzrə 11 nəfər həbs edilib. İstintaq zamanı onların cinayətkar birliyin fəaliyyətində iştirak etdikləri və hadisənin planlı şəkildə təşkilində rol oynadıqları müəyyən edilib.

Azmedia.Az xəbər verir ki, oktyabrın 23-də saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı Ceyhun Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum edilmiş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.

Araşdırmalar zamanı qeyd olunan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri və mütəmadi olaraq qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Həmçinin onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etmək, cinayətkar dairələrdə nüfuz qazanmaq, eləcə də tələblərinə tabe olmayan şəxsləri sərt şəkildə cəzalandırmaq məqsədilə odlu və soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurmaq üçün cinayətkar birlik yaratdıqları və həmin birliyin fəaliyyətində iştirak etdikləri müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin cinayətdə iştirakının, habelə cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyən edilməsi məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.