Təqaüdçülərin pulları oğurlanır ? - Məhkəmə qərarı niyə icra olunmur!?

Təqaüdçülərin pulları oğurlanır ? -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı şikayətlər səngimək bilmir.

Azmedia.Az
xəbər verir ki, son zamanlar təqaüd yaşı çatan insanlar müxtəlif problemlərlə qarşılaşdıqlarını qeyd edirlər. Hətta əllərində onların lehinə verilən məhkəmə qərarı olan təqaüdçülər belə nazirliyin vecsizliyi ilə üz-üzə qalıb.

Belə vətəndaşlardan biri olan Bakı şəhər sakini, 67 yaşlı Eynulla Bəbirovun güzəştli şərtlərlə yaşa görə aldığı əmək pensiyası dayandırılıb. Onun qohumu Azad Məmmədov bildirib ki, Eynulla Bəbirov zərərli iş şəraitində işlədiyinə görə 2016-cı ildən, yəni 57 yaşı olarkən pensiyaya çıxıb: “2020-ci ilin noyabr ayınadək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alıb. Lakin 2020-ci ilin noyabr ayında onun pensiya ödənişi dayandırılıb. Həmin vaxt o, 1445 manat pensiya alırdı. Dedilər ki, “bu yaşda sənə pensiya düşmür”. 2025-in may ayında 65 yaşı tamam oldu. Bundan sonra o yaşa görə pensiya almağa başladı və bu, 1175 manatdır. Bundan da 172 manat geri tutulma var.

Məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları tərəfindən onun xeyrinə qərarlar qəbul edilib. Son olaraq Ali Məhkəmə tərəfindən 11.09.2024-cü il tarixində çıxarılmış qərarla iddia təmin edilib. Buna baxmayaraq, Ali Məhkəmənin qeyd olunan qərarının icrası indiyədək təmin olunmayıb və pensiya ödənişlərinin bərpası həyata keçirilməyib. İndi özü də xəstədir. Bu məsələlərdən sonra sinir xəstəliyi tapdı”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi cavab isə daha müəmmalı olub. Nazirliyin bildirdiyinə görə aparılan araşdırma zamanı Eynulla Cəlal oğlu Bəbirova qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 25.05.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkarlanaraq pensiya ödənişi 01.11.2020-ci il tarixindən dayandırılıb.

Buradan bir neçə sual ortaya çıxır: 
1. Məgər vətəndaş öz-özünə pensiya təyin edib?
2. Qanuna zidd qərar verən hansı nazirliyin əməkdaşlarıdır?
 
3. Qərar qəbul və icra edilərkən nə üçün prosesə nəzarət edən olmayıb? ⁠

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha sonrakı açıqlaması isə belə olub: 
"Eynulla Bəbirova əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilib.
Daha sonra E.Bəbirovun 50 yaşının deyil, 57 yaşının tamamlandığı 25.05.2016-cı il tarixindən hesablanmaqla qanunauyğun qaydada güzəştli şərtərlə pensiya hüququnun olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 2024-cü ilin fevral ayında bərpa olunub. Aparılmış yenidən hesablamalar nəzərə alınmaqla, hazırda E.Bəbirovun əmək pensiyası 1295,34 manat, qalıq artıq ödəməsi 85.662,11 manat təşkil edir.
Qanunvericiliyə zidd hallar üzrə aparılan araşdırmalar yekunlaşdırıldıqdan sonra E.Bəbirovun müraciətində qeyd etdiyi məhkəmə qərarı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması məsələsinə baxılacaq”.

Açıqlamanın bu hissəsi də cavabsız suallarla doludur. Maraqlıdır ki, nazirlik məhkəmənin artıq araşdırıb bitirdiyi bir məsələni hansı ölkənin qanunları ilə araşdırmaq fikrindədir? Əgər vətəndaşın şikayəti ilə bağlı məhkəmə yekun qərar verib və icrasını tələb edirsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarın üstünə hansısa daxili və ya xarici araşdırma aparması özü elə qanunvericiliyə zidd deyil!?

Onu da qeyd edək ki, bu, sözügedən nazirlikdə ilk və son belə hal deyil. Vətəndaşlardan gələn şərhlərdən də bəlli olur ki, yaşlı insanlar özlərinin xəbəri olmadan bir neçə il əvvəldən təqaüdə çıxarılıb və onların adına ödənilən pullar başqaları tərəfindən mənimsənilib. Məsələnin üstü isə həmin insanların həqiqi təqaüd yaşı çatdıqda açılıb. Lakin, qurum, pensiya kapitalını itirənləri zərərçəkən kimi görmək əvəzinə onları qanunu pozan şəxs kimi qiymətləndirib və aylıq təqaüd məbləğini azaldaraq onları cərimələyib. Necə deyərlər, yanan da, yaman da elə pulları oğurlanan yaşlı təqaüdçülər olub.

Babək

Azmedia.Az