Toyu üçün cəmi iki toyuq istəyən qıza xalq möhtəşəm toy etdi

Toyu üçün cəmi iki toyuq istəyən qıza xalq möhtəşəm toy etdi

Əlcəzairdə insanları kövrəldən və fədakarlıq nümunəsi kimi diqqət çəkən hadisə yaşanıb. Ölkə sakinləri birləşərək kimsəsiz bir qız üçün təmtəraqlı toy mərasimi təşkil ediblər.

Azmedia.Az xəbər verir ki, hadisənin başlanğıcı toy ərəfəsində gənc qıza ünvanlanan sadə bir sualla bağlı olub.

Qızdan toyunda nə arzuladığı soruşulub. O isə cavabında şam yeməyi üçün sadəcə iki toyuq istədiyini bildirib.

Gənc qızın bu anlarını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq geniş rezonans doğurub. Bundan sonra xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan sahibkarlar, iş adamları və sadə vətəndaşlar onun arzusunu gerçəkləşdirmək üçün bütün imkanlarını səfərbər ediblər.

İlk baxışda kiçik bir istəklə başlayan təşəbbüs qısa müddətdə genişmiqyaslı təşkilatçılığa çevrilib və nəticədə gənc qız üçün təmtəraqlı toy mərasimi hazırlanıb.

Toy günü gəlinə çoxsaylı bahalı hədiyyələr təqdim olunub. Onun cehizindən qızıl-zinət əşyalarına, dəbdəbəli toy zalından zəngin ziyafət süfrələrinə qədər bütün detallar insanların dəstəyi ilə ən yüksək səviyyədə təşkil edilib.

Əlcəzairdə baş tutan bu toy sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Görüntülər “Cəzayir hələ belə möhtəşəm və təmtəraqlı toy görməmişdi” başlıqları ilə paylaşılıb.