Azərbaycan səfirliyi qarşısındakı aksiyada hicabla bağlı xilafət çağırışı: Hadisənin detalları VİDEO
Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında keçirilən aksiya zamanı məktəblərdə hicabın qadağan edildiyi iddiası səsləndirilib, tədbirdə isə Azərbaycanın dövlət idarəçiliyinin xilafət prinsiplərinə uyğun qurulması ilə bağlı çağırış edilib. Aksiyanın görüntüləri Hizbüt-Təhrir təşkilatının Türkiyədəki nümayəndəliyi ilə əlaqələndirilən platformada yayımlanıb.
Azmedia.Az xəbər verir ki, Oxu.Az Musavat.com-a istinadən yazır ki, aksiya ilə bağlı görüntülər ilk dəfə “Köklü Değişim Medya” platformasının “X” hesabında paylaşılıb. Sözügedən platforma və “Köklü Değişim Dergisi” Hizbüt-Təhrir təşkilatının Türkiyədəki nümayəndəliyi ilə əlaqələndirilir.
Aksiya zamanı üzərində “Başörtüsü Allahın əmridir!” və “Hicab Allahın əmridir!” ifadələri yazılmış plakatlar və bannerlər nümayiş etdirilib. Tədbirdə “Köklü Değişim” platformasının simvolları da yer alıb.
Aksiyada çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu Azərbaycanda məktəbli geyimi və hicab məsələsi ətrafında yaranmış mübahisələrdən danışıb. O, çıxışını “Raşidi Xilafət Dövləti”nin yaradılması çağırışına yönəldib, müsəlman ölkələrinin vahid xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanın da həmin sistemin qaydalarına uyğun idarə olunmasını istəyib.
Beləliklə, tədbirdə səsləndirilən fikirlər məktəblərdə geyim qaydaları ilə bağlı etirazlarla məhdudlaşmayıb, Azərbaycanın dövlət quruluşuna dair siyasi və ideoloji çağırışları da əhatə edib.
Hizbüt-Təhrir haqqında
Hizbüt-Təhrir adının ərəb dilindən tərcüməsi “Azadlıq partiyası” mənasını verir. Təşkilat 1953-cü ildə Qüdsdə fələstinli ilahiyyatçı Təqiyəddin ən-Nəbhani tərəfindən yaradılıb.
Beynəlxalq panislamist və fundamentalist siyasi təşkilat kimi tanınan Hizbüt-Təhririn fəaliyyəti Şərqi Qüdsdən başlayaraq Livan, Suriya, İraq, Misir, Tunis və Türkiyə də daxil olmaqla, müxtəlif ölkələrə yayılıb.
Açıq mənbələrdə təşkilatın digər islamçı hərəkatlardan fərqli olaraq geniş və sistemli ideoloji baxışlara, həmçinin gələcəkdə yaratmaq istədiyi dövlət modelinə dair ətraflı təsəvvürlərə malik olduğu qeyd edilir.
Hizbüt-Təhririn fəaliyyətinin qadağan edildiyi ölkələr sırasında Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, Banqladeş, Rusiya, Çin və Özbəkistan göstərilir. Həmin ölkələrin bir çoxunda təşkilatın üzvlərinin həbsdə olduğu bildirilir. Təşkilatın Azərbaycanda da fəaliyyəti qadağandır.
Məktəbli geyimi ilə bağlı mübahisənin mahiyyəti
Azərbaycanda məktəbli geyiminə dair qəbul edilmiş qaydalarda “hicab” və ya “başörtüsü” ifadələri birbaşa işlədilmir. Sənəddə şagirdlərin müəyyənləşdirilmiş məktəbli formasının bütövlüyünü pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadə etməməsi nəzərdə tutulur.
Türkiyənin “Medyascope” nəşrinin məlumatına görə, sentyabrın 21-də qəbul edilən qərarda məktəbli formasının tələbləri əksini tapıb. Nəşr bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı və müəllimlərə xəbərdarlıq edildiyi barədə məlumatlar da yayıb.
Türkiyədəki bəzi dini dairələr isə məktəbli geyimi ilə bağlı qaydaları Azərbaycanda hicabın bütövlükdə qadağan edilməsi kimi təqdim edirlər. Bu iddialar sosial şəbəkələrdə yayılan videolar və Azərbaycan əleyhinə ittihamlarla müşayiət olunur.
Mənbədə qeyd edilir ki, aksiyanın keçirildiyi əraziyə polis qüvvələri cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.
İsraillə münasibətlərdən hicab məsələsinə, oradan xilafət çağırışlarına
Mənbənin təqdim etdiyi qiymətləndirməyə görə, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyada əvvəlcə ölkəmizin İsraillə münasibətləri əsas müzakirə mövzularından biri olub. Daha sonra məktəbli geyimi və hicab məsələsi ön plana çıxarılıb. Ankaradakı aksiyada isə bu mövzularla yanaşı, Azərbaycanın xilafət qaydalarına uyğun idarə olunması çağırışı da səsləndirilib.
Oktyabrın 13-də İstanbulda Azərbaycanın baş konsulluğunun qarşısında da oxşar aksiya keçirilib. Həmin tədbirdə hicabla bağlı şüarlarla yanaşı, Azərbaycanın İsraillə münasibətlərini tənqid edən fikirlər səsləndirilib.
Ankaradakı aksiyada da hicab məsələsi ilə yanaşı, İsraillə münasibətlərə dair ittihamlar yer alıb. Beləliklə, etirazlarda yalnız məktəbli geyimi qaydaları deyil, Azərbaycanın xarici siyasəti və dövlət quruluşu ilə bağlı məsələlər də gündəmə gətirilib.
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alan bəzi media materialları və sosial şəbəkə paylaşımları ilə bağlı açıqlama yayıb. Mərkəz həmin məzmunların iki ölkənin strateji tərəfdaşlığına zərər vurmağa yönəldiyini bildirib.
Qeyd olunmalıdır ki, ayrı-ayrı qrupların aksiyalar zamanı səsləndirdiyi fikirlər Türkiyə dövlətinin və bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilə bilməz.
Hicab dini inanc və şəxsi seçim məsələsidir. Bununla yanaşı, dini mövzudan istifadə etməklə başqa bir dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış edilməsi məsələni etiqad azadlığı çərçivəsindən çıxararaq siyasi müstəviyə keçirir.
Azərbaycan dünyəvi, müstəqil və suveren respublikadır. Məktəbli geyimi qaydaları ətrafında müzakirələr aparılsa da, ölkənin dövlət quruluşuna dair qərarlar xarici qrupların çağırışları əsasında deyil, Azərbaycanın hüquqi və konstitusion çərçivəsi daxilində müəyyən edilir.
///Musavat.com


