Bir yaşlı Məhəmmədin faciəli ölümü: Anası məhkəmədə hər şeyi etiraf etdi- TƏFFƏRÜAT

Bir yaşlı Məhəmmədin faciəli ölümü: Anası məhkəmədə hər şeyi etiraf etdi-

Yevlaxda azyaşlı oğluna ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olmaqda təqsirləndirilən İlhamə Camal qızının məhkəmə prosesi yekunlaşıb.

Azmedia.Az xəbər verir ki, bu barədə Xitab24.az məlumat yayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən qadın barəsində hökm elan olunub.

Məhkəmənin qərarına əsasən, 1991-ci il təvəllüdlü İlhamə Camal qızı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırma zamanı məlum olub ki, qadın azyaşlı oğlunun ağlamasına əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən zərbələr vurub. Uşağın döyüldükdən sonra da ağlamağa davam etdiyini görən ana Məhəmmədi əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.

Ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına çatdırılan Məhəmməd beş gün sonra orada vəfat edib.

Məhkəmə prosesində İlhamə törətdiyi əməli etiraf edib. O, daha əvvəl dörd dəfə rəsmi nikah bağlamadan ailə həyatı qurduğunu və həmin münasibətlərdən altı övladının dünyaya gəldiyini söyləyib.

Qadın uşağını öldürmək niyyətinin olmadığını, onun ağlamasına görə cəzalandırmaq istədiyini bildirib.

İlhamə Camal qızı həmçinin qeyd edib ki, övladlarını dünyaya gətirdikdən az müddət sonra onların qayğısına qalmaq məqsədilə atalarının uzaq qohumlarına verib. Hazırda uşaqlarının harada yaşadığını bilmədiyini deyən qadın onların adlarını belə xatırlamadığını məhkəmədə ifadə edib.