Mircəlil Qasımlı: 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm mərhələdir
44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində xalqımızın yaddaşında həm böyük Qələbə, həm də Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ilə əbədi yaşayacaq mühüm tarixi mərhələdir.
Deputat Mircəlil Qasımlı Azmedia.Az-a açıqlamasında bildirib ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, Ordumuzun qəhrəmanlığının və dövlətimizin illər ərzində formalaşdırdığı gücün məntiqi nəticəsi olaraq tariximizdə xüsusi yer tutur.
“Bu gün bizim əsas məsuliyyətimiz həmin tarixi yaddaşı qorumaq, şəhidlərimizin əmanətinə layiq olmaq, qazilərimizə daim diqqət göstərmək və gələcək nəsillərə güclü, sabit və inkişaf edən Azərbaycan ötürməkdir.
Mircəlil Qasımlı qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin qarşısında yeni tarixi mərhələ açılıb. Bununla yanaşı, dövlətimizin təhlükəsizliyinin və ərazi bütövlüyünün uzunmüddətli təminatı daim diqqət mərkəzində olmalıdır. Dünyada və regionda gedən proseslər göstərir ki, heç bir dövlət öz təhlükəsizliyini yalnız mövcud reallıqlarla məhdudlaşdıra bilməz. Azərbaycan da müdafiə qabiliyyətini və hərbi potensialını müasir çağırışlara uyğun şəkildə ardıcıl olaraq gücləndirir.
Dövlətimizin gələcəyi yalnız hərbi güclə deyil, eyni zamanda savadlı, vətənpərvər və dövlətçilik düşüncəsinə malik gənc nəslin yetişdirilməsi ilə təmin olunur. Gənclərimiz və yeniyetmələrimiz yüksək təhsil və müasir biliklər əldə etməli, milli maraqlarımızı və dövlətçilik ənənələrimizi qorumalıdırlar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik kursunun əsas məqsədlərindən biri güclü və müstəqil Azərbaycanın gələcək nəsillərə ötürülməsidir. Bizim üzərimizə düşən əsas məsuliyyət dövlətimizin müstəqilliyini, təhlükəsizliyini və milli maraqlarını qorumaq, Azərbaycanın gələcək onilliklərdə də güclü dövlət kimi inkişafına öz töhfəmizi verməkdir.
44 günlük Vətən müharibəsinin bizə verdiyi mühüm dərslərdən biri də budur ki, milli birlik, güclü dövlət, güclü ordu və savadlı gənc nəsil Azərbaycanın gələcəyinin əsas dayaqlarıdır”, - deyə o qeyd edib.
Şəlalə Camal
Azmedia.Az


