Uşaqlar üçün fərqli ədəbiyyat təcrübəsi – əsərlər süni intellektlə təqdim olundu FOTO
Bakıda uşaqların ədəbiyyata və müasir texnologiyalara marağının artırılmasına yönələn “Uşaq inkişaf forumu II – Hekayədən həyata…” adlı tədbir keçirilib.
Azmedia.Az xəbər verir ki, 23 avqust 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində Landau Nəşriyyat Evinin iştirakı ilə “Uşaq inkişaf forumu II – Hekayədən həyata…” adlı tədbir təşkil olunub.
Tədbir interaktiv formatda keçirilib. Proqram çərçivəsində iştirakçılara müxtəlif videomateriallar nümayiş etdirilib, uşaqların fəal iştirakı ilə müzakirələr və interaktiv təqdimatlar təşkil olunub.
Tədbirin diqqətçəkən məqamlarından biri ədəbi əsərlərin süni intellekt texnologiyasından istifadə edilməklə fərqli formatda təqdim olunması olub. Ekranda nümayiş etdirilən əsərlər barədə məlumatlar süni intellekt vasitəsilə həmin əsərlərin müəlliflərinin dilindən təqdim edilib.
Bu yanaşma ədəbiyyatla müasir texnologiyaların vəhdətini nümayiş etdirib və uşaqların tədbirə marağını artırıb.
Tədbir zamanı uşaqlar müxtəlif ədəbi əsərlər haqqında məlumat əldə edib, öz fikir və təəssüratlarını bölüşüblər. İnteraktiv format iştirakçıların tədbirə daha fəal şəkildə qoşulmasına şərait yaradıb.
Sonda fəal iştirak edən uşaqlara Landau Nəşriyyat Evi tərəfindən hədiyyələr təqdim olunub.
Tədbirin keçirilməsi uşaqlar arasında mütaliə və ədəbiyyata marağın artırılması, eləcə də müasir texnologiyaların maarifləndirici imkanlarının nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıyıb.
Şəlalə Camal
Azmedia.Az


