Xırdalan–Bakı qatarları ilə bağlı dəyişiklik – səfər 35 dəqiqə çəkəcək
Sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində hərəkət edən qatarların yolda olma müddəti 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.
Azmedia.Az xəbər verir ki, sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Yeni hərəkət cədvəlinin tətbiqindən sonra qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək. Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri səbəbindən həmin istiqamətdə səfər müddəti 45 dəqiqədir.
Dəyişiklik sərnişinlərin vaxta qənaət etməsinə və səfərlərini daha rahat planlaşdırmasına imkan verəcək.
Dəmiryol körpüsünün bərpası yekunlaşdıqdan sonra bu istiqamətdə sürət həddinin bir qədər də artırılması nəzərdə tutulur. Beləliklə, Bakı–Xırdalan istiqamətində səfər müddəti əvvəlki kimi 26 dəqiqə olacaq. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları da bərpa ediləcək.
Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu üzrə reyslərin sayı 26-dan 32-yə çatdırılıb. Xırdalan istiqamətində sərnişin axınının xüsusiyyətləri nəzərə alınaraq səhər saatlarında 2 əlavə reys də təşkil edilib.
Bundan əlavə, Bakı–Xırdalan istiqamətində saat 20:30-da yeni reys əlavə olunub.
Ümumilikdə şəhərətrafı qatarların gündəlik reyslərinin sayı 90-dan 96-ya yüksəldilib.
Sərnişinlərin rahatlığının artırılması məqsədilə turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Artıq “Visa” kartları ilə yanaşı, “Mastercard” kartlarından istifadə etməklə NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür.
Bank kartları ilə həyata keçirilən ödənişlər artıq səfərin baş tutduğu gün hesabdan çıxılacaq. Bu yanaşmanın ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcəyi bildirilir.
Elektron ödəniş imkanlarının genişləndirilməsi çərçivəsində Bakı və Sabunçu vağzallarında, həmçinin Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarında bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.
Bu yenilik sərnişinlərə alternativ ödəniş vasitələrindən daha geniş istifadə imkanı yaradacaq.
Səfərlərin daha da rahatlaşdırılması məqsədilə növbəti mərhələdə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.


