“Ölümü yeganə çıxış yolu seçdim” – Nəriman Qocatürkün son məktubunda nələr yazılıb?

“Ölümü yeganə çıxış yolu seçdim” –

Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümündən əvvəl yazdığı məktub ictimailəşib. Məktubda o, barəsində səsləndirilən ittihamlara münasibət bildirib və ailəsinin də bu prosesdən zərər gördüyünü iddia edib.

Azmedia.Az xəbər verir ki, Nəriman Süleymanovun ölümündən əvvəl yazdığı müraciət yayılıb.

Məlumata görə, o, ötən gün axşam saatlarında qələmə aldığı məktubda noyabrın 12-dən etibarən “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını qeyd edib.

N.Qocatürkün sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunmasından gedir. O, həmin iddiaları təsdiqləyən heç bir dəlil və sübutun olmadığını vurğulayıb.

Məktubunda o, yalnız özünün deyil, ailəsinin də hədəfə alındığını və nüfuzuna xələl gətirildiyini iddia edib.

Nəriman Süleymanov müraciətində bunları yazıb:

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, ölümü yeganə çıxış yolu seçdim.

Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin.

Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qoysun”.

Qeyd edək ki, Nəriman Qocatürkün meyiti noyabrın 18-də yaşadığı evdə aşkarlanıb. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı olub. Cütlüyün iki oğlan övladı var.

Nəriman Qocatürkün ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri və məktubda səsləndirilən iddiaların hüquqi qiyməti barədə rəsmi məlumatın açıqlanması gözlənilir.