4 ildir eyni ssenari: Azərbaycan Avroviziyada niyə uduzur?
Bildiyimiz kimi, "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsi bu il Vyanada keçirilir. Azərbaycanı bu yarışmada JIVA təmsil edib. Təmsilçimiz müsabiqənin 14 may tarixində keçirilən ikinci yarımfinalında "Just Go" mahnısı ilə ikinci nömrə altında səhnəyə çıxıb. Lakin ifa avropalı tamaşaçılar tərəfindən gözlənilən maraqla qarşılanmayıb və nəticədə ölkəmiz final mərhələsinə vəsiqə qazana bilməyərək yarışı dayandırıb. Beləliklə, Azərbaycan Avroviziya yarışmasında artıq 4-cü ildir ki, finala çıxa bilmir.
Xatırladaq ki, builki təmsilçimizin kimliyi hələ yarışmadan öncə də ictimaiyyətin diqqət mərkəzində idi. Bir çoxları JIVA-nı yeni sima hesab etsə də, əslində o, Azərbaycan musiqisevərlərinə çox yaxşı tanış olan bir isimdir. Müğənni karyerasına Cəmilə Həşimova kimi başlayıb. Lakin beynəlxalq səhnəyə çıxmaq üçün sənətçi adını dəyişərək JIVA təxəllüsünü götürüb.
Bəs bunun səbəbi nədir? Maraqlıdır, builki çıxışımız qənaətbəxş idi? Əlavə olaraq, təmsilçimizin yarışma üçün adını dəyişməsilə bağlı məsələni necə qiymətləndirmək olar?
Azmedia.Az xəbər verir ki, redaktor.az-a danışan şou-biznes jurnalisti Elvin Elxan bildirdi ki, Azərbaycan artıq 4 ildir ardıcıl olaraq Avroviziya finalına vəsiqə qazana bilmir bə bunun səbəbləri isə kifayət qədər çoxdur:
"Başa düşmək olar ki, illərdir bu müsabiqə artıq yalnız musiqi yarışması yox, müəyyən qədər siyasi çalarları olan böyük bir şouya çevrilib. Amma bununla yanaşı, bizdə də iştirak bəzən sadəcə “iştirak xatirinə iştirak” təsiri bağışlayır. Builki təmsilçimiz JIVA isə çox güclü vokala sahib artistdir. Səhnədə özgüvəni yerində, səs potensialı yüksək səviyyədə, jest və mimikası da kifayət qədər peşəkar görünürdü. Amma əsas problem təqdimatda hiss olundu. Xoreoqrafiya çox sadə və ruhsuz təsir bağışladı, səhnə quruluşu isə beynəlxalq standartlarla müqayisədə geridə qalırdı".
Müsahibimizin sözlərinə görə, digər ölkələr artıq süni intellekt texnologiyalarından, innovativ vizual həllərdən, müasir aranjeman və səhnə effektlərindən istifadə edərək tamaşaçıya tam bir şou təqdim edir:
"Bizim çıxış isə daha standart ballada formatında qaldı. Sanki 2000-ci illərin əvvəlini xatırlatdı. Mahnıya pis demək olmaz. Layihə müəyyən şou-biznes çərçivəsində uğurlu görünə bilər. Amma Avroviziya artıq lokal deyil, beynəlxalq arenadır və burada ən son musiqi trendləri, PR strategiyaları, səhnə şouları və kreativ yanaşmalar yarışır. Təəssüf ki, biz bu məsələlərdə bir qədər geridə qalırıq. İllərdir eyni mövzuları müzakirə edirik. Mahnı, xoreoqrafiya, səhnə şousu, PR, strategiya və ümumi yanaşma haqqında statuslar yazılır, tənqidlər edilir, açıqlamalar verilir. Amma nəticədə ciddi dəyişiklik hiss olunmur".
E.Elxan qeyd etdi ki, artıq neçə ildir yarımfinaldan keçməməyə sanki alışmışıq və bu vəziyyətlə barışmışıq:
"Yenə də ümid etməkdən başqa çarə qalmır. Ümid edək ki, gələn illərdə Azərbaycan bu yarışmaya daha müasir, daha iddialı və beynəlxalq səviyyədə düşünülmüş bir konseptlə qayıdar. Ad məsələsinin müzakirəsi isə bir qədər mənasızdır. Hər bir artistin öz ləqəbi var və bu, onun şəxsi seçimidir".


