ADMİU tələbələri ilə bağlı yayılan video araşdırılır – Təhdid iddiaları gündəmdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə yeni qəbul olunan tələbələrlə bağlı sosial şəbəkədə yayılan video araşdırılır.
Azmedia.Az xəbər verir ki, sosial şəbəkələrdə ADMİU-nun birinci kurs tələbələrinə qarşı hədə-qorxu ifadələrinin yer aldığı video paylaşılıb.
Videonun “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən yayımlanan canlı yayım zamanı çəkildiyi bildirilir. Görüntülərdə birinci kurs tələbələrinin hədələndiyi, zərurət yaranacağı təqdirdə onlara fiziki xəsarət yetirilə biləcəyi barədə ifadələrin səsləndirildiyi qeyd olunur.
Videoda danışan şəxslər daha əvvəl də bu cür əməllər törətdiklərini və aşağı kurs tələbələrinə “dərs vermək” məqsədilə onların üzlərinə cızıqlar atdıqlarını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı məlumatlı olduqlarını və hazırda araşdırma aparıldığını bildirib.
Videonun müəllifləri isə daha sonra yaydıqları müraciətdə görüntülərin düzgün təqdim edilmədiyini qeyd ediblər.
Onlar bildiriblər ki, canlı yayım zamanı söhbət əvvəlki ildə baş verən hadisələrdən gedib. Həmçinin qeyd ediblər ki, canlı yayım zamanı onlara “şram atarıq” deyildiyi üçün onlar da cavab olaraq eyni ifadədən istifadə ediblər. Onların sözlərinə görə, video məhz həmin hissədən götürülərək paylaşılıb.


