Bakıda hotel qətlinə görə hökm: Seymur Manafov 11 il 6 ay həbs edildi

Bakıda hotel qətlinə görə hökm: Seymur Manafov 11 il 6 ay həbs edildi

Paytaxtdakı hotelin camaşırxanasında iş yoldaşını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatıb.

Azmedia.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi Fərid Namazovun sədrliyi ilə Seymur Manafovun cinayət işi üzrə keçirilən məhkəmə iclasında yekun qərar elan olunub.

Məhkəmənin hökmü ilə Seymur Zafalı oğlu Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, hadisə 2026-cı il yanvarın 25-də Bakıda yerləşən hotellərdən birində baş verib. Hotelin camaşırxanasında ofisiant işləyən, 1996-cı il təvəllüdlü Şəmistan Şamil oğlu Əliyevin bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırma zamanı cinayətin həmin hoteldə ofisiant kimi çalışan, 1992-ci il təvəllüdlü Seymur Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Məhkəmənin yekun iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin məhkəmə nəticədə S.Manafovun 11 il 6 ay müddətinə həbs olunmasına qərar verib.

Beləliklə, hotel əməkdaşının ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.