Tanış olduğu qadını hotel otağında yumruqladı – Məhkəmənin qərarı təəccübləndirdi

Tanış olduğu qadını hotel otağında yumruqladı – Məhkəmənin qərarı təəccübləndirdi

Bakının Nərimanov rayonunda hoteldə birgə vaxt keçirən kişi və qadın arasında mübahisə zorakılıqla nəticələnib. Qadına xəsarət yetirən şəxs məhkəmədə ittihamı qəbul edib. Tərəflərin barışmasından sonra cinayət işinə xitam verilib.
Azmedia.Az
xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda yerləşən hotellərdən birində qeydə alınıb.

 Məlumata əsasən, insident 25 yanvar 2026-cı il tarixində baş verib.

Qəbələ rayonunda yaşayan, 1990-cı il təvəllüdlü Arif tanışı Təranə ilə birlikdə vaxt keçirmək məqsədilə Nərimanov rayonundakı hotellərdən birinə gedib. Qeyd edək ki, hadisədə adı çəkilən şəxslərin adları şərtidir. Cütlük hotelin 303 nömrəli otağında qaldığı zaman aralarında narazılıq yaranıb. Səhər saat 05:30 radələrində baş verən mübahisə zamanı Arif qadının baş nahiyəsinə yumruqla bir dəfə zərbə endirib. Nəticədə Təranə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisə ilə əlaqədar Arifə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamı qəbul edərək əməlində təqsirli olduğunu bildirib. O, zərərçəkmiş şəxslə münasibətlərini qaydaya saldıqlarını, barışdıqlarını və gələcəkdə bu cür davranışa yol verməyəcəyini qeyd edib.

Zərərçəkmiş Təranə də məhkəmədə verdiyi ifadəsində Ariflə barışdığını açıqlayıb. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və hər hansı tələb irəli sürmədiyini bildirib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunub. Beləliklə, Arif cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə icraata isə xitam verilib.