Bakıda III Milli Təhsil Zirvəsi keçirildi
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin dəstəyi ilə Bakı Slavyan Universitetində “Təhsildə rəqəmsal transformasiyalar” mövzusunda III Milli Təhsil Zirvəsi keçirilib.
Azmedia.Az xəbər verir ki, zirvə çərçivəsində dövlət rəsmiləri, 400 nəfərə yaxın təhsil ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın müstəqiliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək müasir dövrdə təhsilin rəqəmsallaşdırılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, qlobal təcrübənin öyrənilməsi, qabaqcıl universitetlərlə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyanı sürətləndirir. Bildirib ki, Özyeğin Universiteti ilə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır və qarşılıqlı təcrübə mübadiləsinə geniş imkanlar yaradır.
Murad Ağalarov belə zirvə görüşlərinin təhsil ictimaiyyətinin bir araya gəlməsi, aktual problemlərin müzakirəsi və innovativ həll yollarının müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.
Sədr tədbirin işinin məhsuldar müzakirələr və faydalı nəticələr gətirəcəyinə əminliyini ifadə edib, iştirakçılara uğurlar arzulayıb.
Zirvədə çıxış edən millət vəkili Ceyhun Məmmədov təhsil sahəsində aparılan islahatların və rəqəmsal transformasiyanın cəmiyyətin inkişafındakı rolu barədə fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycanın təhsil sahəsində əldə etdiyi uğurlar dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. O, çıxışında gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini də xüsusi qeyd edib. Millət vəkili gənclərin süni intellekt, proqramlaşdırma, data analitikası və rəqəmsal alətlərlə işləmək bacarıqlarının inkişaf etdirilməsinin onların gələcək karyera imkanlarını genişləndirdiyini və əmək bazarında rəqabət qabiliyyətini artırdığını söyləyib.
Sonra söz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Mirzə Cəfərzadəyə verilib. O, çıxışında müasir dövrdə təhsil sistemində baş verən yeniliklərin müəllimlərin fəaliyyətinə yeni tələblər irəli sürdüyünü diqqətə çatdırıb. Bildirib ki, rəqəmsal texnologiyaların təhsilə tətbiqi yalnız texniki məsələlərlə məhdudlaşmayıb eyni zamanda müəllimlərin bu yeniliklərə uyğun hazırlanması, onların davamlı təlimlərə cəlb olunması və peşəkar bacarıqlarının artırılması ilə müşayiət olunmalıdır.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında rəqəmsal texnologiyalar və süni intellektin təhsilə inteqrasiyasının gələcək nəsillərin daha çevik, yaradıcı və rəqabətqabiliyyətli formalaşmasına xidmət etdiyini söyləyib, rəqəmsal bacarıqların inkişafının yalnız fərdi uğur üçün deyil, bütövlükdə ölkənin iqtisadi və sosial inkişafı üçün də strateji əhəmiyyət daşıdığı haqqında fikirlərini diqqətə çatdırıb.
Zirvədə çıxış edən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov təhsil sistemində aparılan elmi-tədqiqat işləri və rəqəmsal transformasiyanın bu proseslərə təsiri barədə fikirlərini bölüşüb, həmçinin Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin Rəqəmsal həllər və təhlil şöbəsinin əməkdaşı Natəvan Bədəlova rəqəmsal həllərin uğurlu tətbiqi üçün istifadəçilərin-xüsusilə müəllimlərin və şagirdlərin-bu texnologiyalardan səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
Zirvədə çıxış edən Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin Təlim və tədris ofisi direktoru, prof. Cengiz Hakan Aydın Türkiyədə və dünyada təhsil mövzusu ətrafında geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, həm Türkiyədə, həm də beynəlxalq səviyyədə universitetlər artıq yalnız akademik bilik verməklə kifayətlənməyib, eyni zamanda tələbələrin praktik bacarıqlarını, tənqidi düşüncə qabiliyyətini və problem həll etmə vərdişlərini inkişaf etdirməyə yönəlir. Professor bildirib ki, qlobal təhsil mühitində rəqəmsal platformalar, hibrid təhsil modelləri və süni intellekt əsaslı alətlər getdikcə daha geniş tətbiq olunur. Bu yanaşmalar tələbələrə daha fərdiləşdirilmiş öyrənmə təcrübəsi təqdim etməklə yanaşı, onların beynəlxalq resurslara çıxışını da asanlaşdırır. Cengiz Hakan Aydın həmçinin beynəlxalq tələbə mübadilə proqramlarının və ikili diplom imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İnnovasia və Rəqəmsal İnkişaf Ağentliyinin İqtisadi təhsil şöbəsinin müdiri i.ü.f.d.Cavid Süleymanlı rəqəmsal iqtisadiyyatın formalaşmasında təhsilin rolundan bəhs edib. Bildirib ki, innovasiya ekosisteminin inkişafı üçün universitetlər, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Çıxışında gənclərin bu prosesdə fəal iştirakının vacibliyini qeyd edən Cavid Süleymanlı onların rəqəmsal savadlılığının artmasının ölkənin gələcək iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Zirvənin yekununda müxtəlif təhsil müəssisələrini təmsil edən mütəxəssislərə, fəal iştirakı ilə fərqlənən Sənaye və Texnologiya Kollecinin müəllimlərinə, eləcə də aktiv iştirakçılara rəsmi sertifikatlar təqdim olunub.


