14 il həbs cəzası, amma həbsə getməyəcək? Ramiz Mehdiyevlə bağlı sensasiyalı qərar
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, məhkəmə onun barəsində təyin edilən cəzanın şərti tətbiq olunmasına qərar verib.
Azmedia.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Məhkəmənin hökmünə əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm zamanı onun yaşı və mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınıb. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilən azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunması qərara alınıb.
Bundan başqa, məhkəmə Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edib. Onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün də təqdimat göndərilməsi qərara alınıb.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabrında cinayət işi başlanıb. O, 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.


