Tərtərə düşən 15 500 mərmi, dağılan yüzlərlə ev: faciədən 6 il ötür

Tərtərə düşən 15 500 mərmi, dağılan yüzlərlə ev: faciədən 6 il ötür

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub. 44 günlük Vətən müharibəsi zamanı rayonun yaşayış məntəqələri, mülki infrastrukturu və müxtəlif obyektləri dəfələrlə ağır zərbələrə məruz qalıb.

Azmedia.Az xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulmasından altı il ötür. 2020-ci il oktyabrın 28-də saat 07:30 radələrində rayon ərazisi artilleriya atəşinə məruz qalıb.

44 günlük Vətən müharibəsi dövründə Tərtər şəhəri və rayonun kəndləri dəfələrlə ağır artilleriya zərbələrinin hədəfinə çevrilib. Atəşlər nəticəsində dinc sakinlərin yaşadığı evlərə, mülki infrastruktura və müxtəlif obyektlərə ciddi ziyan dəyib.

Mərmilərin düşməsi yaşayış evlərinin dağılmasına, məktəblərin, xəstəxanaların və inzibati binaların zərər görməsinə səbəb olub. Sakinlər həyatlarını təhlükə altında keçirməli olub, onların bir qismi təhlükəsiz ərazilərə sığınmağa çalışıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 2020-ci il oktyabrın 29-da verdiyi məlumata əsasən, döyüşlər başlayandan həmin tarixədək rayon ərazisinə təxminən 15 500 mərmi düşüb. Onun bildirdiyinə görə, atəşlər nəticəsində 133 ev tamamilə dağılıb, 873 evə isə qismən ziyan dəyib. Bundan əlavə, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina və 65 ictimai yaşayış binası zərər görüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 44 günlük müharibə ərzində Tərtər rayonunda biri uşaq olmaqla 17 dinc sakin həlak olub, 58 nəfər isə yaralanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-dən başlayaraq Tərtər şəhərini və rayonun yaşayış məntəqələrini dəfələrlə atəşə tutub. Həmin dövrdə Tərtər müharibədən ən çox zərər çəkən ərazilərdən biri olub.

Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də Tərtər rayonunun artilleriya atəşinə tutulması barədə Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayıb.