Bakının erməni-bolşevik işğalından azad edilməsinin 108-ci ildönümüdür

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 108-ci ildönümüdür

15 sentyabr Azərbaycan tarixinin mühüm günlərindən biri – Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.

Azmedia.Az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətçilik tarixində mühüm hadisəyə imza atıblar. 

Bakının azad olunması ilə Azərbaycan ərazisinin Bakı və ətraf rayonlarında erməni-bolşevik qüvvələrinin hakimiyyətinə son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin mühüm səhifələrindən biri hesab olunur.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq, ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin nəzarətində idi. Bu vəziyyət Azərbaycanın dövlət müstəqilliyinin tam təmin olunmasını çətinləşdirirdi. 

Müstəqilliyini yenicə elan etmiş və beynəlxalq aləmdə hələ tam tanınmayan Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları məhdud idi. Belə bir şəraitdə Osmanlı Türkiyəsi ağır vəziyyətinə baxmayaraq, qardaş Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə Nuru paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərib.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında bu tarixi missiyanı həyata keçirib. 

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.