Tədris ili ilə əlaqədar Mingəçevirdən bölgələrə əlavə avtobuslar ayrılıb

Tədris ili ilə əlaqədar Mingəçevirdən bölgələrə əlavə avtobuslar ayrılıb

Tədris ilinin başlaması ilə Mingəçevirdən Bakıya və bölgələrə əlavə avtobuslar ayrılıb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, yeni tədris ilinin başlaması və sərnişin axınının artması ilə əlaqədar Mingəçevir avtovağzalından paytaxta və bölgələrə əlavə avtobus marşrutlarının təşkili nəzərdə tutulub.

Hazırda şəhər avtovağzalından Bakı və bölgələrə gündəlik olaraq 62 marşrut üzrə sərnişin avtobusu hərəkət edir. Onlardan 10-u Bakı istiqamətində fəaliyyət göstərir.

Avtovağzal rəsmisi Beçət Məmmədovun sözlərinə görə, yeni tədris ilinin başlanması ilə sərnişin sıxlığının artacağı nəzərə alınaraq Bakı istiqamətində əlavə olaraq 5 iri və 10 orta tutumlu avtobus xəttə buraxılacaq.

Eyni zamanda, Gəncə və Şəki istiqamətlərində də zərurət yarandığı halda əlavə avtobusların xəttə çıxarılması təmin ediləcək.

Sərnişin sıxlığının və mümkün süni qiymət artımının qarşısının alınması məqsədilə Xankəndi istiqamətində də əlavə 3 orta tutumlu avtobusun hərəkəti nəzərdə tutulur. Hazırda bu istiqamətdə gündəlik bir marşrut fəaliyyət göstərir.

Qeyd edək ki, Qarabağ Universitetində tələbə sayının artması, eləcə də bu ali təhsil müəssisəsində təhsil alan mingəçevirli tələbələrin sayının çoxalması qarşıdakı günlərdə Xankəndi istiqamətində sərnişin axınının da artacağını göstərir.

Ehtiram Muradov

Azmedia.Az