Bakı–Sumqayıt yolunda dəhşətli qəza – ölən və yaralanan var- VİDEO
Bakı–Sumqayıt yolunda TIR-ın minik avtomobilinin üzərinə aşması nəticəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə Bakı–Sumqayıt yolunda qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində, Abşeron rayonunun Masazır ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata əsasən, 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili əvvəlcə ayırıcı sədlə toqquşub. Daha sonra qarşı hərəkət istiqamətinə çıxan yük avtomobili 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.
Qəza nəticəsində minik avtomobilində olan bir nəfər həyatını itirib, digər şəxs isə xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxsin meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində avtomobil yoluna dağılan yanacaq da yanğınsöndürənlər tərəfindən yuyulub və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerində Dövlət Yol Polisi əməkdaşları da fəaliyyət göstərib. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.


