Dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ: Dövlət Proqramı təsdiqləndi
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illərdə inkişafını nəzərdə tutan yeni Dövlət Proqramı təsdiq olunub.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” qüvvəyə minib.
Sənədə əsasən, proqram çərçivəsində qarşıya qoyulan tədbirlərin əlaqələndirilməsi və onların icrasına nəzarət Nazirlər Kabinetinə həvalə olunub.
Nazirlər Kabineti, həmçinin proqramın icra vəziyyəti barədə hər il dövlət başçısına məlumat təqdim etməli və Sərəncamdan irəli gələn digər məsələlərin həllini təmin etməlidir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin monitorinqi və nəticələrinin qiymətləndirilməsi isə Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.
Sənədin maliyyə təminatı ilə bağlı məsələlər də müəyyənləşdirilib. Belə ki, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı proqramın icrası üçün tələb olunan vəsaitin nəzərə alınması məqsədilə müvafiq tədbirlər görmək tapşırılıb.


