Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramına start verilib

Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramına start verilib

Bakıda liderlik bacarıqlarının inkişafı və insan kapitalının gücləndirilməsinə yönələn “AZEMBA” proqramının açılış mərasimi baş tutub.

Azmedia.Az xəbər verir ki, “AZEMBA” proqramının açılışı sentyabrın 21-də Bakıda təşkil olunub.

Tədbir PAŞA Holding, SOCAR və İspaniyanın IE Universiteti arasında strateji tərəfdaşlıq, həmçinin Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində reallaşdırılıb. 

Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin həyata keçirdiyi proqramın əsas məqsədləri sırasında Azərbaycanda liderlik potensialının inkişaf etdirilməsi, insan kapitalının gücləndirilməsi və beynəlxalq təcrübənin ölkəyə qazandırılması yer alır. 

Proqram iştirakçıları rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə sahələrində beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar.

“AZEMBA” çərçivəsində azərbaycanlı mütəxəssislərin qlobal akademik və biznes mühitinə inteqrasiyasına imkanların artırılması, eyni zamanda ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsi nəzərdə tutulur.