İlham Əliyevdən Bakı Təhlükəsizlik Forumuna müraciət: “Qlobal təhlükəsizlik çağırışlarına qarşı əməkdaşlıq vacibdir”
Prezident İlham Əliyev Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edib.
Azmedia.Az xəbər verir ki, dövlət başçısı müraciətində Forumun beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, fikir və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev müraciətində Forum iştirakçılarını salamlayaraq bildirib ki, “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan IV Bakı Təhlükəsizlik Forumu aktual məsələlərin müzakirəsi baxımından mühüm platformadır.
Dövlət başçısının sözlərinə görə, artıq dördüncü dəfə Bakıda təşkil olunan Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirir. Bu baxımdan tədbir beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsinin aparılması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün imkan yaradır.
İlham Əliyev Forumun iştirakçı coğrafiyasının hər il genişlənməsini və gündəmdə olan məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qeyd edib.
Prezident qeyd edib ki, builki tədbirin də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı fikir və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əmindir.
Müraciətdə müasir dövrdə qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərə də diqqət çəkilib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemindəki proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişə və qarşıdurmalar təhlükəsizlik mühitinə ciddi təsir göstərir.
Prezidentin fikrincə, etimad böhranının dərinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün dövlətlər üçün fundamental və təxirəsalınmaz prioritetə çevirir.
İlham Əliyev Bakı Təhlükəsizlik Forumunun da məhz bu məqsədlərə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Forum çərçivəsində konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi üçün imkanlar yaranır.
Dövlət başçısı builki Forum çərçivəsində aparılacaq müzakirələrin müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə və onların qarşısının alınması istiqamətində yeni yanaşmaların formalaşdırılmasına şərait yaradacağına inamını ifadə edib.
Müraciətdə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın gücləndirilməsinin də əhəmiyyəti vurğulanıb.
Prezident qeyd edib ki, Forumda aparılacaq fikir mübadiləsi və əməkdaşlıq beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edə bilər.
İlham Əliyev müraciətinin sonunda IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar arzulayıb, iştirakçılara səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq diləyib.


