Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksi açıldı – Prezident və Xanımı açılışda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfərləri çərçivəsində “Meysari Grand Hotel & SPA” kompleksinin açılış mərasimində iştirak ediblər.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.
“Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına və birinci xanıma Şamaxı rayonunun Meysəri kəndində yeni inşa olunan “Meysari Grand Hotel & SPA” kompleksi barədə məlumat verib.
Bildirilib ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanı kimi fəaliyyət göstərəcək.
Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleksin tərkibinə hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançası daxildir.
Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalara aid 88 otaq, kottec hissəsində isə 116 otaq yaradılıb. Beləliklə, kompleksdə ümumilikdə 204 otaq mövcuddur. Bundan əlavə, ərazidə 3 villa da yerləşir.
Kompleksdə fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti və sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.
Burada 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi də qurulub.
Helikopter meydançası zəruri hallarda qonaqların hava nəqliyyatından istifadə etməsi üçün nəzərdə tutulub. Kompleksdə restoranların da fəaliyyəti planlaşdırılır.
Ərazidə yerləşən Nəsimi Konfrans Mərkəzi 420 nəfər üçün nəzərdə tutulub. Mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı, daha kiçikmiqyaslı tədbir və görüşlərin təşkili üçün ayrıca zal da yaradılıb.
Kompleksdə qapalı və açıq avtomobil dayanacağı zonaları da təşkil olunub.
Məlumata görə, kompleksin fəaliyyətə başlaması ilə ümumilikdə 320 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, Şamaxı qədim tarixi, zəngin mədəni irsi, təbiəti və özünəməxsus mülayim iqlimi ilə Azərbaycanın əsas turizm məkanlarından biri hesab olunur. Rayonun dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri onu həm yay, həm də qış aylarında istirahət və səyahət üçün əlverişli bölgələrdən birinə çevirir.
Şamaxıda yeni hotelin fəaliyyətə başlamasının turizm infrastrukturunun inkişafına, yerli və xarici qonaqlar üçün istirahət imkanlarının genişləndirilməsinə, rayonun turizm potensialından daha səmərəli istifadəyə və yerli iqtisadiyyatın inkişafına əlavə imkanlar yaradacağı bildirilir.


