Mənzil bazarındakı qiymət artımı - Bölgələrdə də müşayiət olunur
Mingəçevirdə evlərin qiymətləri durmadan artır
Azmedia.Az -ın bölgə müxbirinin məlumatına görə təkcə son bir neçə ay ərzində şəhərin mənzil bazarında diqqət çəkən qiymət sıçrayışı 8-15 min manat civarında qeydə alınıb. Bəs görəsən bu dinamik qiymət artımının səbəbləri nə ilə bağlıdır? Təcrübəli əmlakçı Saləddin Baxşəliyevin sözlərinə görə mənzil bazarında diqqət çəkən qiymət dəyişkənliyi əslində ölkənin bütün regionları üçün aktualdır, o cümlədən Mingəçevir şəhəri üçün. Sadəcə şəhərimizdə bu mənada diqqət çəkən bir məqam var ki, heç şübhəsiz o da qiymət artımına təsirsiz ötüşmür. Məsələ burasındadır ki, illərdir Mingəçevirdə əsaslı mənzil tikintisi aparılmır. Ehtiyaclara cavab verməyən mənzil azlığı bu mənada əsas faktorlardan birinə çevrilir. Saləddin Baxşəliyevin sözlərinə görə bəzi şəxslər bu və digər reallıqları nəzərə almadan qiymət artımında maklerləri günahlandırır. Həm də heç bir əsas və səbəb olmadan.
" Qeyd etmək lazımdır ki, mənzil qiymətlərinə ipoteka yolu ilə mənzil satışları da az təsir etmir. Çünki evlərinı satışa çıxaran şəxslər yaxşı bilir ki, ipoteka ilə ev almaq istəyində olan gənc kadrlar hər bir halda bankın dəstəyilə məqsədinə yetişməyə qərarlıdır. Ona görə də satan şəxs mənzilinin satışından daha çox qazanmaq istəyinə düşür". Hazırda şəhərin mənzil bazarında qiymətlər dəyişməkdə və artmaqda davam edir. Saləddin Baxşəliyev qiymətlərin mənzilin yerləşdiyi ərazi, mərtəbə və təmir səviyyəsinə görə dəyişdiyini deyir.
"Belə deyək ən ucuz mənzillləri köhnə tipli binalarda tapmaq olar. O da yeni artmış qiymətlərlə. Məsələn belə binalarda bir neçə ay öncə bir otaqlı eyvansız mənzillər 37-38 minə təklif olunurdusa, indi həmin mənzillər 45 min manata təklif olunur. Həmin ünvanlarda iki otaqlıların qiyməti isə 85 min manat maksimal həddinə qalxıb. Yeni tipli binalarda isə otaqların sayından asılı olaraq qiymət fərqi 15 min manatadək yüksəlib. Qeyd edim ki, ən son bu günlərdə yeni tipli binada bir otaqlı mənzil 72 min manata satılıb. İkiotaqlıların qitməti isə 100-105 min manat həddinə qədər artıb. 3 və daha artıq otaqlı mənzillərin satış qiyməti isə 125-155 min manat arasında dolaşır. Ondan da qiyməti yüksək olan mənzillər var. Hətta bu yaxınlarda 3 otaqlı bir mənzil 170 min manata satılıb." Saləddin Baxşəliyev boş torpaq ərazisi satışının qiymətlərində də artım qeydə alındığını deyir. Belə ki, şəhər mərkəzində bir sot torpaq alıcılara 25-30 min manata təklif olunur. Şəhər ətrafında isə 5 sotluq torpaq sahəsini 35-40 min manata almaq mümkündür.
Əmlakçı Vüqar İbrahimov isə mənzillərlə yanaşı həyət evlərinin satışına da alıcı marağının artdığını deyir. Baxmayaraq ki, bu sahədə də ciddi mənada qiymət yüksəlşi yaşanır. O, qiymətlərin kirayə mənzil bazarına da təsirsiz ötüşmədiyini deyir. Bu halda da otaq sayı, yeri , içinin boş və ya dolu olması önəmli faktora çevrilir. Məsələn, bir neçə ay öncə 170-180 manata kirayəyə verilən bir otaqlı mənzillər hazlrda 250 manat və ondan yuxarı qiymətlərə təklif olunur. İki otaqlıların qitməti isə 400-450-500 manat civarında dolaşır. Hələ bu azmış kimi kirayə mənzillər hazırda azdır və ya yox dərəcəsindədir.
Ehtiram Muradov
Azmedia.Az


