Naxçıvanda 518 mənzildən ibarət sosial evlər kompleksinin təməli qoyuldu- FOTOLAR
Naxçıvan şəhərində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanan yeni sosial evlər kompleksinin inşasına başlanılır.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verib.
Bildirilib ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Kompleksdə 6 və 7 mərtəbəli 16 binanın inşası nəzərdə tutulur. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.
Yaşayış kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.
Kompleks elektrik enerjisi, qaz, su və çirkab suların axıdılması sistemləri ilə təchiz ediləcək. Ərazidə yolların və səkilərin salınması, abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır.
Dövlət başçısına həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verilib.


