Qazaxıstanda hərbi təlim zamanı faciə: 14 hərbçi həlak olub, 5 yüksək rütbəli şəxs saxlanılıb
Qazaxıstanda hərbi təlimlər zamanı hərbçilərin Xəzər dənizinə düşməsi ilə bağlı araşdırmanın nəticəsində yeni təfərrüatlar açıqlanıb.
Azmedia.Az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məlumata əsasən, hadisə hərbçilərin “Kayser” katerindən sahilə çıxarıldığı vaxt baş verib. Əlverişsiz hava şəraiti və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə düşüblər.
Hadisə Qazaxıstanın Mangistau vilayətində, Aktau şəhərindən təxminən 43 kilometr məsafədə, Xəzər dənizinin sahilində qeydə alınıb.
Bildirilib ki, sentyabrın 24-də keçirilən hərbi təlim zamanı hava şəraitinin qəfil dəyişməsi və küləyin güclənməsi nəticəsində ümumilikdə 17 hərbçi dənizə düşüb.
Onlardan üç nəfəri xilas edilib, daha sonra isə 14 hərbçinin həlak olduğu təsdiqlənib.
Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb. İstintaq çərçivəsində hərbi təlimlərin təşkili zamanı verilmiş qərarlar, təhlükəsizlik tələblərinə riayət olunması və hadisə ilə bağlı digər hallar araşdırılır.
Qazaxıstanın rəsmi məlumatına görə, hadisə ilə əlaqədar beş yüksək rütbəli hərbi qulluqçu saxlanılıb.
Saxlanılan şəxslər arasında Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi – baş komandanın birinci müavini, iki hərbi hissə komandiri, dəniz piyadaları bölüyünün komandiri və kater komandiri də var.
Həmin şəxslərin xidmətə səhlənkar münasibətdə şübhəli bilindikləri bildirilib.
Faciə ilə əlaqədar Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan olunub.
Ölkə rəhbərliyi hadisənin bütün təfərrüatlarının araşdırılması, eləcə də həlak olan hərbçilərin ailələrinə yardım göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.


