Həbsdə vəfat edən sabiq icra başçısının müsadirə edilmiş binası satışa çıxarılıb
Goranboyun sabiq icra başçısı Nizaməddin Quliyevə məxsus olmuş və müsadirə edilmiş qeyri-yaşayış sahəsi satışa çıxarılıb. Əmlak üçün 143 min manat qiymət müəyyənləşdirilib.
Azmedia.Az xəbər verir ki, korrupsiya cinayətləri ilə bağlı həbs edilən və cəza çəkdiyi müddətdə vəfat edən Goranboy rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə olunmuş qeyri-yaşayış binası satışa təqdim edilib.
Məlumata əsasən, Goranboy şəhərinin mərkəzində yerləşən əmlakın satış qiyməti 143 min manatdır.
Sözügedən bina ilə bağlı müsadirə məsələsi uzun müddət müxtəlif məhkəmə instansiyalarında mübahisə predmeti olub. Əmlakın ümumi sahəsi 261 kvadratmetrdir.
Qeyri-yaşayış təyinatlı bina kommersiya və digər məqsədlər üçün istifadəyə yararlı vəziyyətdədir.
Əmlakı əldə etmək istəyən şəxsdən ilkin olaraq 14 min 300 manat beh tələb olunur.
Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilib. O, məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Keçmiş icra başçısı 2021-ci ildə həbsdə olduğu müddətdə koronavirus infeksiyasından vəfat edib.


