Psixoloq Nərmin Ağayeva: Hicab məsələsində uşağın emosional təhlükəsizliyi və hissləri qorunmalıdır- FOTO

Psixoloq Nərmin Ağayeva: Hicab məsələsində uşağın emosional təhlükəsizliyi və hissləri qorunmalıdır-

Uşağa hicabın məcburi şəkildə geyindirilməsi, bu geyimi qəbul etmədiyi təqdirdə cəzalandırılacağı və ya ailəsi tərəfindən qəbul edilməyəcəyi qorxusu onun emosional vəziyyətinə təsir göstərə bilər. Bəs bu cür yanaşma uşağın özünəinamında, müstəqil qərarvermə bacarığında və ailə münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Azmedia.Az-a açıqlamasında Psixoloq Nərmin Ağayeva uşağa hicabın məcburi şəkildə geyindirilməsinin onun psixoloji vəziyyətinə necə təsir göstərə biləcəyindən, hicab geyinmək istəməyən uşağa ailəsi tərəfindən psixoloji təzyiq göstərilməsinin mümkün nəticələrindən, eləcə də bu cür halların uşaqlarda yarada biləcəyi emosional çətinliklərdən danışıb.

Psixoloq bildirib ki, hicabın özü psixoloji problem və ya psixoloji pozuntu mənbəyi deyil. Onun sözlərinə görə, burada əsas məsələ uşağın bu geyimə hansı şəraitdə yönləndirilməsi, emosional ehtiyaclarının nəzərə alınıb-alınmaması və ailənin mövzuya necə yanaşmasıdır.

Nərmin Ağayeva qeyd edib ki, uşağın yaşı, inkişaf səviyyəsi və özünü ifadə etmək imkanları nəzərə alınmadan hər hansı qərarın ona təzyiq yolu ilə qəbul etdirilməsi emosional gərginlik yarada bilər:

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, hicabın özü psixoloji problem və ya psixoloji pozuntu mənbəyi deyil. Burada əsas məsələ uşağın bu geyimə hansı şəraitdə yönləndirilməsidir. Onun emosional ehtiyaclarının nəzərə alınıb-alınmaması və ailənin bu mövzuya necə yanaşmasıdır.

Uşağın yaşı, inkişaf səviyyəsi və özünü ifadə etmək imkanları nəzərə alınmadan ona hər hansı qərarın təzyiq yolu ilə qəbul etdirilməsi emosional gərginlik yarada bilər. Xüsusilə də uşaq öz istəyini ifadə etdikdə dinlənilmirsə, qorxudulursa və ya cəzalandırılırsa, onda öz fikirlərinin əhəmiyyətsiz olduğu düşüncəsi də formalaşa bilər.

Bu cür münasibət uzunmüddətli olduqda uşağın özünü ifadə etməsinə, özünə dəyər verməsinə və gələcəkdə müstəqil qərarvermə qabiliyyətinə mənfi təsir göstərə biləcək nüanslar yarana bilər. Həmçinin hər bir uşaqda eyni nəticənin yaranacağını demək düzgün deyil. Çünki uşaqlar fərdidir və bu təsir hər birində fərqli şəkildə özünü göstərə bilər. Təsirin uşaqlara olan dərəcəsi ailənin onlarla münasibətindən və uşağın aldığı emosional dəstəkdən asılıdır.

Digər tərəfdən, ailələrin dini və mədəni dəyərlərini uşaqlarına ötürmək istəməsi təbii bir haldır. Burada vacib olan həmin dəyərlərin uşağa qorxu və məcburiyyət vasitəsilə deyil, yaşına uyğun izah, dialoq və qarşılıqlı hörmət yolu ilə çatdırılmasıdır”.

Ağayeva  hicab geyinmək istəməyən uşağa ailəsi tərəfindən psixoloji təzyiq göstərilməsi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, uşağın özünəinamının formalaşmasında onun fikirlərinin dinlənilməsi və hisslərinin qəbul edilməsi mühüm rol oynayır.

Psixoloq bildirib ki, uşaq hər hansı məsələdə fərqli fikir bildirdikdə onunla danışmaq əvəzinə alçaldılırsa, günahlandırılırsa və ya qorxudulursa, zamanla öz fikirlərini ifadə etməkdən çəkinə bilər:

“Uşağın özünəinamının formalaşmasında onun fikirlərinin dinlənilməsi və hisslərinin qəbul edilməsi mühüm rol oynayır. Uşaq hər hansı məsələdə fərqli fikir bildirdikdə onunla danışmaq əvəzinə alçaldırlarsa, günahlandırırlarsa və ya qorxudurlarsa, zamanla öz fikrini ifadə etməkdən çəkinə bilər. Belə uşaqlarda başqalarının gözləntilərinə həddindən artıq uyğunlaşmaq, səhv etmək qorxusu, qərar verməkdə tərəddüd və öz istəklərini müəyyənləşdirməkdə çətinlik yarana bilər. Bəzi uşaqlar isə əksinə, davamlı təzyiqə qarşı etiraz və aqressiv davranışlarla reaksiya verə bilərlər.

Ancaq burada mühüm bir məqam var: valideynin uşağa qaydalar qoyması və müəyyən davranışlar gözləməsi özlüyündə psixoloji təzyiq demək deyil. Valideynlik məsuliyyəti çərçivəsində sərhədlər müəyyən edilə bilər. Fərq ondadır ki, bu sərhədlər uşağın şəxsiyyətini alçaltmadan qoyulmalıdır.

Uşağın müstəqil qərarvermə bacarığı ailədən tamamilə ayrı qərarlar verməsi demək deyil. Bu bacarıq uşağın düşünməsi, sual verməsi və öz hisslərini tanımasıdır. Yəni bu, özbaşınalıq demək deyil”.

Nərmin Ağayeva uşağın hicab geyinmədiyi təqdirdə cəzalandırılacağı, qınanacağı və ya ailəsi tərəfindən qəbul edilməyəcəyi düşüncəsinin onda hansı psixoloji fəsadlara səbəb ola biləcəyinə də toxunub.

 

Psixologiya üzrə mütəxəssis qeyd edib ki, valideyn sevgisi, təhlükəsizlik və qəbul edilmək uşaq üçün əsas emosional ehtiyaclardandır. Onun sözlərinə görə, uşaq ailəsi tərəfindən sevilməsinin və qəbul edilməsinin müəyyən geyimdən və ya davranışdan asılı olduğunu düşünərsə, bu, onda güclü daxili gərginlik yarada bilər:

“Uşaq üçün valideynin sevgisi, təhlükəsizliyi və qəbul edilməsi əsas emosional ehtiyacdır. Əgər uşaqda belə bir fikir formalaşırsa ki, ailəsi tərəfindən sevilməsi və qəbul edilməsi müəyyən geyimə və ya davranışa bağlıdır, bu, onda güclü daxili gərginlik yaradacaq.

Belə vəziyyətdə uşaq ailəsinin gözləntiləri ilə öz hissləri arasında konflikt yaşaya bilər. O, münaqişədən qaçmaq üçün öz hisslərini gizlədə, daim başqalarını razı salmağa çalışa və ya cəzalandırılmaq qorxusu ilə davranışlarını dəyişə bilər. Bəzən bu, utanc hissi, günahkarlıq və emosional uzaqlaşma ilə müşayiət oluna bilər.

Xüsusilə uşağa davamlı olaraq onun pis, dəyərsiz və ya sevgiyə layiq olmayan biri olduğu mesajı verilərsə, bu, onun özünə münasibətinə zərər gətirəcəkdir. Burada geyim məsələsindən daha vacib olan ailənin uşağa qarşı göstərdiyi münasibətdir. Sadalanan nüansların aradan qaldırılması vacibdir. Geyim məsələsindən daha vacib olan uşağın şəxsiyyətinin və emosional təhlükəsizliyinin hansı şəraitdə qorunmasıdır.

Yəni əsas prinsip nədir? Uşağın hər hansı davranışını müzakirə etmək mümkündür, lakin onun sevgiyə və hörmətə layiq olması həmin davranışdan asılı vəziyyətə salınmamalıdır”.

Mütəxəssis belə təzyiqlərə məruz qalan uşaqlarda depressiv əlamətlərin və narahatlıqların hansı formalarda özünü göstərə biləcəyi məsələsinə də münasibət bildirib.

Onun sözlərinə görə, bu cür hallarda uşağın emosional dəyişikliklərinə, narahatlıq əlamətlərinə, sosial davranışlarına, bədəni və gündəlik rejimi ilə bağlı göstəricilərə, eləcə də daxili konflikt əlamətlərinə diqqət yetirmək lazımdır.

Nərmin Ağayeva vurğulayıb ki, bu əlamətlərin heç birinin yalnız hicabla bağlı təzyiq nəticəsində yarandığını demək olmaz. Onun fikrincə, həmin hallar ümumi ailə sistemində mövcud olan problemlərlə də əlaqəli ola bilər:

“Bu tip problemlər zamanı təzyiqlərə məruz qalan uşaqlarda depressiv əlamətlər və narahatlıq baxımından diqqət yetirilməli göstəricilər var. Emosional dəyişikliklərə, uşaqdakı narahatlıq əlamətlərinə, onun sosial davranışlarına, bədəni və gündəlik rejimi ilə bağlı əlamətlərə, bir də daxili konflikt əlamətlərinə baxmaq lazımdır. Lakin bu əlamətlərin heç biri təkbaşına hicabla bağlı təzyiqə məruz qalmaq nəticəsində baş vermir. Yəni uşağın sırf hicabla bağlı təzyiqə məruz qaldığı üçün bunları yaşadığını demək olmaz. Bu hallar ümumi ailə sistemində olan problemlərlə bağlı da ola bilər. Son zamanlar hicab mövzusu aktualdır deyə, bu, daha çox təsir göstərmiş ola bilər.

Buna görə uşağı müşahidə etmək, onunla mühakimə etmədən danışmaq lazımdır. Özünü təhlükəsiz hiss etdiyi şərait yaratmaq və lazım gəldikdə psixoloji qiymətləndirmə aparmaq vacibdir. Uşağın emosional vəziyyəti, simptomlarının davam etmə müddəti və gündəlik fəaliyyətinə təsiri birlikdə qiymətləndirilir”.

Sonda Nərmin Ağayeva mövzuya birtərəfli yanaşmağın doğru olmadığını vurğulayıb. O bildirib ki, hicab geyinən uşağın psixoloji baxımdan problem yaşadığını iddia etmək də, hicab geyinmək istəməyən uşağa göstərilən hər cür təzyiqi normal hesab etmək də düzgün deyil.

Psixoloq ailələrin dini və mədəni dəyərlərinə hörmətlə yanaşmağın vacibliyini qeyd etməklə yanaşı, uşağın emosional təhlükəsizliyinin, yaşına uyğun inkişaf ehtiyaclarının və öz hisslərini ifadə etmək imkanının da mütləq qorunmalı olduğunu bildirib:

“Mən bir psixoloq olaraq düşünürəm ki, bu mövzuya birtərəfli yanaşmaq doğru deyil. Nə hicab geyinən uşağın psixoloji baxımdan problem yaşadığını iddia etmək olar, nə də hicab geyinmək istəməyən uşağa göstərilən hər cür təzyiqi normal hesab etmək olar.

Ailələrin dini və mədəni dəyərlərinə hörmətlə yanaşmaq vacibdir. Eyni zamanda uşağın emosional təhlükəsizliyi, yaşına uyğun inkişaf ehtiyacları və öz hisslərini ifadə etmək imkanı da mütləq qorunmalıdır.

Məqsəd ailə ilə uşağı qarşı-qarşıya qoymaq deyil. Məqsəd valideynlərin dəyərləri ilə uşağın psixoloji ehtiyacları arasında sağlam ünsiyyət qurmağa kömək etməkdir. Uşaqla danışmaq, onun suallarını dinləmək, ona dəyərləri izah etmək qorxu, alçaltma və emosional şantajdan daha sağlam bir yanaşmadır. Son zamanlar bunu daha çox müşahidə edirik.

Unutmamalıyıq ki, uşağın psixoloji sağlamlığını qorumaq hər hansı dini və mədəni dəyəri hədəf almaq demək deyil. Yəni bundan sui-istifadə edilməməlidir. Valideynlərin uşağın şəxsiyyətinə hörmət etmək və onun təhlükəsizliyini qorumaq üçün müəyyən məsuliyyət daşıması deməkdir”.


Əli Şəyəldiyev
Azmedia.Az