Qafqaz Media Forumu gələn il Gürcüstanda keçiriləcək – Elşən Əliyev AÇIQLADI
Qafqaz Media Forumunun gələcək illərdə digər Qafqaz ölkələrində də təşkili nəzərdə tutulur. Növbəti forumun Gürcüstanda keçirilməsi planlaşdırılır.
Azmedia.Az xəbər verir ki, bu barədə "EMEDIA GROUP" media təşkilatının rəhbəri,Qafqaz Media İctimai Birliyinin icraçı direktoru Elşən Əliyev forumun məqsədləri, əhəmiyyəti və gələcək planları ilə bağlı fikirlərini bölüşərkən bildirib.
Elşən Əliyevin sözlərinə görə, Qafqaz Media Forumu ilk dəfə Azərbaycanda təşkil olunub. Gələn ildən etibarən tədbirin digər Qafqaz ölkələrində də keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə ilkin plan Gürcüstandan başlayır.
O qeyd edib ki, forumun əsas məqsədi ölkədə keçirilən beynəlxalq tədbirlərin coğrafiyasını genişləndirməkdir. Təşkilatçılar bu cür tədbirlərin yalnız türk dövlətlərində və digər ölkələrdə deyil, daha çox Qafqaz ölkələrində də təşkil olunmasını istəyirlər. Onun fikrincə, bu yanaşma həm ölkənin, həm də onun beynəlxalq imicinin formalaşması baxımından əhəmiyyət daşıyır.
Elşən Əliyev forumda jurnalistika fakültəsinin tələbələrinin də iştirak etdiyini vurğulayaraq, tədbir çərçivəsində iştirakçıların maariflənməsinin təşkilatçılar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, həmçinin forumda müxtəlif aktual mövzuların müzakirə olunduğunu diqqətə çatdırıb. Süni intellekt, beynəlxalq münasibətlər və dövlət qurumlarının fəaliyyəti müzakirə olunan əsas məsələlər sırasında yer alıb.
İcraçı direktorun sözlərinə görə, tədbirdə Milli Məclisin nümayəndələri də iştirak ediblər. O, onların qanunvericilik sahəsində fəaliyyət göstərən, qanunları hazırlayan və təqdim edən şəxslər olduğunu qeyd edib.
Elşən Əliyev gələn ildən etibarən forumun digər Qafqaz ölkələrində keçirilməsi istiqamətində imkanların genişlənəcəyini vurğulayıb.
Əli Şəyəldiyev
Azmedia.Az


