Şair Ramaldanov Zəfərdən sonrakı 6 ili, ordu islahatlarını və regiondakı təhlükəsizlik vəziyyətini dəyərləndirib

Şair Ramaldanov Zəfərdən sonrakı 6 ili, ordu islahatlarını və regiondakı təhlükəsizlik vəziyyətini dəyərləndirib

Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, Türkiyə ordu modelinə keçid, Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastrukturun inkişafı, eləcə də regionda mövcud təhlükəsizlik vəziyyəti diqqət mərkəzindədir.

Azmedia.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Vətən müharibəsində qazanılan Zəfərdən ötən altı ilin hərbi baxımdan nəticələrini, Azərbaycan Ordusunda aparılan islahatları, Türkiyə ilə hərbi əməkdaşlığı, Qarabağ və Şərqi Zəngəzurda yaradılan hərbi infrastrukturu, eləcə də regiondakı təhlükəsizlik vəziyyətini dəyərləndirib.

– Şair müəllim, Vətən müharibəsindən və qazanılan böyük Zəfərdən ötən 6 ili hərbi nöqteyi-nəzərdən necə xarakterizə edərdiniz?

– Hər bir xalqın, cəmiyyətin və dövlətin böyüklüyünü xarakterizə edən, inkişafa təkan verən mühüm tarixi hadisələr olur. Azərbaycan tarixində də belə hadisələrdən biri şanlı Qələbə tarixidir. Azərbaycan xalqı öz birliyi ilə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşərək, onun bilavasitə rəhbərliyi altında bu tarixi Qələbəni qazanmağa nail oldu.

Vətən müharibəsində əldə edilmiş Qələbəyə sadəcə bir hərbi qələbə kimi baxmaq olmaz. İllər keçdikcə, xüsusilə də bu gün geosiyasi arenada gedən proseslərin və müharibələrin təhlili zamanı Azərbaycan xalqının və dövlətinin Qələbəyə aparan yolunu daha dərindən araşdıracağıq. Bu tarixi hadisənin zənginliyi və gələcək üçün verdiyi dərslər yeni-yeni təhlillərlə üzə çıxacaq.

Azərbaycanın Qələbəsi həm də haqsızlıqdan əziyyət çəkən xalqlar üçün nümunədir. Azərbaycan xalqına 30 ildən artıq müddətdə bu torpaqların itirildiyini, artıq məsələnin həll olunduğunu, həmin ərazilərə qayıtmağın mümkün olmadığını qəbul etdirməyə çalışan qüvvələr var idi. Lakin Azərbaycan öz strateji xəttindən dönmədi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışından sonra ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı strateji xətt daim qorunub saxlanıldı. Prezident İlham Əliyev də bu siyasəti davam etdirərək xalqda inam yaratdı və həmin inamı qorudu. Azərbaycan xalqı inanırdı ki, biz öz torpaqlarımıza qayıdacağıq və ikinci erməni dövlətinin Azərbaycanda yaranmasına imkan verməyəcəyik.

Bu inamla bizim gənclərimiz böyüyürdü, onların vətənpərvərlik ruhu formalaşırdı. Prezidentin də qeyd etdiyi kimi, həmin əraziləri görməyən gənclər öz qanı və canı bahasına qəhrəmanlıq salnaməsi yazaraq yeni tarix yaratdılar və Azərbaycan xalqını Qələbəyə gətirdilər.

Biz şəhidlərimizi daim böyük ehtiramla yad etməli, onların ailələrinə hörmət göstərməliyik. Sağlamlığını itirmiş Qarabağ müharibəsi əlillərinə cəmiyyət olaraq hər cür dəstək verməli, onların yanında olmalıyıq. Eyni zamanda, Vətənin müdafiəsində iştirak etmiş müharibə veteranlarına da daim hörmətlə yanaşmalıyıq.

– Ötən bu 6 ildə Azərbaycan Ordusu öz döyüş təcrübəsini hansı yeni hərbi doktrinalarla təkmilləşdirib?

– Hər şey Qələbə ilə bitmir. Əksinə, Qələbə yeni inkişaf mərhələsinin başlanğıcıdır. Azərbaycan Qələbədən irəli gələn nəticələri təhlil edir, onun dərslərindən gündəlik fəaliyyətində istifadə edir və gələcək strateji addımlarını bu nəticələr əsasında müəyyənləşdirir.

Son altı il ərzində Azərbaycanın hərbi doktrinası, strateji yönümlü sənədləri və planları ilə bağlı elə bir sahə olmayıb ki, Qələbənin nəticələri orada öz əksini tapmasın. Bu, hələ də davam edən prosesdir. Biz Qələbənin qiymətini bilməli, onun gələcəkdə oynaya biləcəyi rolu və strateji araşdırmaların nəticələrini sənədlərdə və planlarda əks etdirməliyik.

Bu gün Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində atdığı addımlar da ölkənin suverenliyinin və müstəqilliyinin qorunmasına yönəlib. Təhlükəsizliyimizə yarana biləcək riskləri daim araşdırır və buna uyğun addımlar atırıq.

Qələbədən sonrakı mühüm hadisələrdən biri də antiterror tədbirləri oldu. Həmin əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi və Azərbaycanın bütün ərazisində suverenliyi tam təmin olundu. Bu nəticələr də Azərbaycanın doktrinasında və digər strateji sənədlərində öz əksini tapıb.

– Türkiyə ordu modelinə keçid və Komando briqadalarının yaradılması ordumuzun müdafiə potensialını nə dərəcədə artırdı?

– Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi ilə bağlı Şuşa Bəyannaməsi kimi strateji sənədin ortaya çıxması və Türkiyə ilə təhlükəsizlik sahəsində birgə addımların atılması mühüm əhəmiyyət daşıyır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi ilə bağlı tapşırığı ordumuzda böyük inamla qəbul edildi. Bu gün artıq həmin islahatların yekun mərhələsindəyik.

Hazırda Türkiyədə Azərbaycan Ordusunun nümayəndələrinin iştirakı olmadan, yaxud Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri olmadan iri miqyaslı təlimlərin keçirilməsi çox az hallarda baş verir. Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq bunu hərbi müstəvidə “iki dövlət, bir ordu” prinsipi kimi də inkişaf etdirirlər.

Bu istiqamətdə qarşıya qoyulan tapşırıqların icrası davam edir. Eyni zamanda, Azərbaycan hərbçilərinin və Silahlı Qüvvələrdə xidmət edən şəxslərin sosial məsələləri də diqqətdə saxlanılır. Maaş və pensiyaların artırılması ilə bağlı qərarlar da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi, şəxsi heyət mübadiləsi, birgə təlimlər və iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət imkanlarının artırılması istiqamətində əməkdaşlıq nəzərdə tutulur. 

– Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni hərbi infrastruktur bizə hansı strateji üstünlükləri qazandırır?

– Qələbənin nəticəsində təmas xəttindən dövlət sərhədinə qədər uğurlu yol keçdik. Artıq Azərbaycan öz dövlət sərhədləri çərçivəsində torpaqlarını qoruyur.

Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni hərbi infrastruktur xüsusi diqqət çəkir. Əvvəllər hərbi hissələrimiz əsasən işğal zamanı mövcud olan təmas xəttinə bağlı idisə, indi infrastruktur Qələbə ilə birlikdə irəliləyərək dövlət sərhədinə çatıb.

Hazırda həmin ərazilərdə yeni hərbi hissələr yaradılır, mövcud hərbi infrastruktur yenidən qurulur və Azərbaycanın müdafiə və təhlükəsizliyinin təmin olunması ilə bağlı qurumlar öz infrastrukturlarını formalaşdırır.

İnfrastrukturun dövlət sərhədinə qədər inkişaf etdirilməsi Azərbaycan torpaqlarının bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunmasına böyük əhəmiyyət daşıyır. İnfrastrukturun inkişafı təhlükəsizliyimizin dayanıqlığını və etibarlılığını artıran mühüm amildir.

Bu gün də Prezident İlham Əliyevin iştirakı, bilavasitə rəhbərliyi və diqqəti ilə Qarabağ və Şərqi Zəngəzurda yeni infrastruktur layihələri həyata keçirilir, yeni və yenidən qurulmuş hərbi hissələr istifadəyə verilir.

– Ermənistanın bəzi Qərb dövlətləri tərəfindən silahlandırılması regionda yeni bir münaqişə riski yaradırmı?

– Bu gün Ermənistanla münasibətlərdə daha çox sülh sözünü işlədirik. Ermənistan cəmiyyəti və dövləti də bugünkü reallıqla razılaşmalıdır və bu istiqamətdə müəyyən addımların atıldığını görürük.

Lakin Ermənistan daxilində gedən prosesləri və dövlətə olan təzyiqləri də nəzərə almamaq mümkün deyil. Revanşist ideyalarla köklənən qüvvələrin Ermənistanda mövcudluğunu görürük.

Bütün bunları nəzərə alaraq, Azərbaycan öz təhlükəsizliyini daim nəzarətdə saxlayır. Hazırda Ermənistanla münasibətlərdə de-fakto sülhdən danışırıq. Lakin de-yure sülh müqaviləsi hələ bağlanmayıb, delimitasiya və demarkasiya prosesi praktiki olaraq başa çatmayıb. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması da nəzərə alınmalı məsələlərdəndir.

Bu fonda Avropanın və digər Qərb ölkələrinin, eləcə də Ermənistanı silahlandırmağa çalışan bəzi qüvvələrin fəaliyyətini də diqqətdən kənarda qoymaq olmaz. Ona görə də təhlükəsizlik məsələsində hazırlıqlı olmaq vacibdir. Sülh istəyirsənsə, müharibəyə hazır ol prinsipi ilə öz təhlükəsizliyimizi təmin etməliyik.

– Şərti sərhədlərin delimitasiyası prosesi fonunda hazırkı ümumi təhlükəsizlik vəziyyətini necə qiymətləndirirsiniz?

– Bu gün Azərbaycan öz təhlükəsizliyini daim diqqətdə saxlayır. Sülh gündəmdə olsa da, sülh müqaviləsinin hələ imzalanmaması, delimitasiya və demarkasiya prosesinin tam başa çatmaması, eləcə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması müəyyən təhlükəsizlik məsələlərini gündəmdə saxlayır.

Azərbaycan bu reallıqları nəzərə alaraq müdafiə və təhlükəsizlik imkanlarını inkişaf etdirir. Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastrukturun qurulması, orduda aparılan islahatlar və Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi də bu siyasətin tərkib hissəsidir.

– Zəfərdən sonra gənclərin hərbi xidmətə və hərbi peşələrə olan marağında hansı dəyişikliklər var?

– Azərbaycanın Zəfər bulağından içən gənclər xoşbəxt gənclərdir. Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq onların vətənpərvərlik ruhunun və Vətənə bağlılığının göstəricisidir.

Bu gün həmin Qələbənin nəticələrindən biri də gənc nəslin Vətən, dövlət və ordu anlayışlarına münasibətində özünü göstərir. Vətən müharibəsində tarix yazan gənclər Azərbaycanın yeni tarixinin qəhrəmanlarıdır və onların nümunəsi gələcək nəsillər üçün mühüm örnəkdir.

Şəlalə Camal
Azmedia.Az