Deputat, iqtisadçı ekspert Vüqar Bayramov: 700 mindən çox şəxsin gəliri arta bilər

Deputat, iqtisadçı ekspert Vüqar Bayramov:

Azərbaycanda əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması ilə bağlı yeni sosial paket gözlənilir. Deputat, iqtisadçı ekspert Vüqar Bayramov gözləntiləri və artımların neçə vətəndaşı əhatə edə biləcəyini açıqlayıb.

Azmedia.Az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Azmedia.Az-a açıqlamasında Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı zamanı əməkhaqqı, pensiya və sosial təminatın artırılması ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.

Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısının çıxışında bir sıra strateji məqamlara, o cümlədən əməkhaqqı, pensiya və sosial təminatın artırılması məsələlərinə toxunulub. Deputat bildirib ki, bununla bağlı artıq dövlət başçısı tərəfindən tapşırıqlar da verilib.

“Minimum əməkhaqqının nə qədər artırılması birbaşa hökumətdə aparılan fiskal qiymətləndirmədən asılı olacaq. Amma təbii ki, nəzərə alsaq ki, cənab Prezident tərəfindən Əmək Məcəlləsində edilən dəyişikliklər təsdiq olunub, bu o deməkdir ki, biz hər il minimum əməkhaqqına baxılması və artırılmasını müşahidə edəcəyik”, – deyə Vüqar Bayramov qeyd edib.

Deputatın sözlərinə görə, burada əsas məqamlardan biri minimum əməkhaqqının artırılmasının yalnız aşağı minimum əməkhaqqı alan vətəndaşların maaşlarına deyil, eyni zamanda tarif cədvəlinə uyğun olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların da əməkhaqqı artımlarına təsir etməsidir.

“Bu o deməkdir ki, cənab Prezident tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı sənəd imzalandıqdan sonra Nazirlər Kabineti tərəfindən dövlət idarələrində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da vəzifə maaşlarının artırılması ilə bağlı qərar veriləcək. Nəticədə bu, yalnız az maaş alan deyil, orta və nisbətən daha çox maaş alan vətəndaşlarımızın da əməkhaqlarının artırılmasına gətirib çıxaracaq”, – Vüqar Bayramov bildirib.

O qeyd edib ki, ilkin qiymətləndirmələr minimum əməkhaqqındakı artımların 700 mindən çox vətəndaşın maaşlarına təsir göstərəcəyini deməyə əsas verir:

“İlkin qiymətləndirmə onu göstərir ki, minimum əməkhaqqındakı artımlar 700 mindən çox vətəndaşımızın maaşlarına təsir göstərəcək. Həmin vətəndaşlarımızın əməkhaqlarında artımlar müşahidə olunacaq”.

Vüqar Bayramov pensiya məsələsinə də toxunaraq bildirib ki, pensiya islahatları davam edir və pensiyaların təyinatı, indeksləşdirilməsi ilə bağlı növbəti ildən yeni mexanizmin tətbiq edilməsi nəzərdə tutulur.

“Təbii ki, nəzərə alsaq ki, pensiya islahatları davam edir, pensiyaların təyinatı, indeksləşdirilməsi ilə bağlı növbəti ildən yeni mexanizmin tətbiq edilməsi nəzərdə tutulur, bütün bunlar fonunda da orta pensiya məbləğində artımlar olacaq”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, minimum və orta pensiyanın gələn il hansı məbləğdə olacağı hökumətdə aparılan müzakirələrdən sonra müəyyənləşəcək.

“Minimum və orta pensiya məbləğinin növbəti il hansı məbləğdə olması yenə də hökumətdə aparılan müzakirələr və böyük ehtimalla artıq bu ayın sonunda büdcə müzakirəsi zamanı bəlli olacaq. Bundan sonra konkret rəqəmləri bəyan etmək mümkün olacaq”, – Vüqar Bayramov deyib.

Deputat sosial müavinətlərin artırılması məsələsinə də diqqət çəkib. O bildirib ki, dövlət başçısı sosial müavinətlərin də növbəti sosial paket çərçivəsində artırılacağını açıqlayıb.

“Vacib məqamlardan biri də sosial müavinətlərin artmasıdır. Cənab Prezident sosial müavinətlərin də növbəti sosial paket çərçivəsində artırılacağını bildirdi. Bu isə ondan xəbər verir ki, yeni sosial paket kifayət qədər çoxlu sayda vətəndaşımızı əhatə edəcək”, – deyə Vüqar Bayramov bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən, yeni sosial paket iki milyondan artıq vətəndaşa şamil ediləcək.

“İlkin qiymətləndirmələrə görə, yeni sosial paket praktiki olaraq iki milyondan artıq vətəndaşımıza şamil ediləcək”, – deyə deputat əlavə edib.

Əli Şəyəldiyev
Azmedia.Az