“Qobustan” Günəş Elektrik Stansiyası istifadəyə verildi – İlham Əliyev açılışda- FOTO
Prezident İlham Əliyev 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda yerləşən “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey və “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlət başçısını qarşılayıblar.
Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, “Universal Energy” şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Şanxayda yaradılmış “Universal Energy” şirkəti yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir. Şirkət Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.
Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilib.
Həmin ərazi stansiyanın tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin “Universal International Holdings Limited” şirkəti 2024-cü ildə hərracın qalibi olub.
“Qobustan” Günəş Elektrik Stansiyası Azərbaycanda hərrac vasitəsilə həyata keçirilən ilk, eyni zamanda, “Universal Energy” şirkətinin ölkəmizdə reallaşdırdığı ilk layihədir.
Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam başa çatdırılıb.
“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəyi proqnozlaşdırılır. Bu, ildə 45 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.
Məlumata görə, stansiyanın istifadəyə verilməsi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, belə stansiyaların sayı isə 85 olacaq. Bərpaolunan enerji mənbələri ölkənin ümumi enerji gücünün təxminən 20,8 faizini təşkil edəcək.


