Deputat: “Gələcək nəsillər Azərbaycanın möhtəşəm Qələbəsinin tarixini bilməlidir”
Milli Məclisin deputatı Rövşən Muradov 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən, şəhid və qazilərin fədakarlığından, eləcə də gələcək nəsillərin bu tarixi unutmamasının vacibliyindən danışıb.
Azmedia.Az xəbər verir ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etdiyi mühüm tarixdir.
Milli Məclisin deputatı Rövşən Muradov Azmedia.Az -a açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq başlayan Vətən müharibəsi 44 gün davam edib və Azərbaycanın tarixi Zəfəri ilə başa çatıb.
Deputat qeyd edib ki, Vətən müharibəsi nəticəsində 30 ildən artıq işğal altında qalan torpaqlarımız azad edilib. Onun sözlərinə görə, noyabrın 8-də Şuşanın azad olunması ilə Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri yazılıb.
R.Muradov xatırladıb ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub.
Rövşən Muradov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zabit və əsgərləri böyük qəhrəmanlıq göstərib, torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. O qeyd edib ki, şəhidlərin və qazilərin xatirəsini daim əziz tutmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Deputat Azərbaycanın dövlət suverenliyinin tam bərpası istiqamətində əldə olunan nəticələrə də diqqət çəkib. O bildirib ki, 2023-cü il sentyabrın 19-da başlayan və 23 saatdan bir qədər artıq davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazilərində bərpa olunub.
R.Muradov qeyd edib ki, əldə olunan tarixi nəticələr hər bir azərbaycanlının dövlətçilik qarşısında məsuliyyətini daha da artırır. Onun sözlərinə görə, Azərbaycan Zəfər qazanmış ölkə olsa da, dövlət sərhədlərinin qorunması və müdafiə qabiliyyətinin daim gücləndirilməsi mühüm vəzifələrdəndir.
“Biz hər zaman ayıq-sayıq olmalı, dövlətimizin və sərhədlərimizin təhlükəsizliyini qorumalıyıq. Gələcək nəsillər bu möhtəşəm Qələbəni unutmamalı, onun tarixini nəsildən-nəslə ötürməlidirlər”, – deyə deputat bildirib.
O vurğulayıb ki, Anım Günü, Zəfər Günü, Müstəqillik Günü və Suverenlik Günü kimi mühüm tarixlərin qeyd olunması, onların mahiyyətinin gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, bu tarixlər gələcək nəsillərə Azərbaycanın keçdiyi çətin və şərəfli yolu xatırlatmalı, onları dövlətçiliyin qorunması və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində məsuliyyətli olmağa sövq etməlidir.
Rövşən Muradov bildirib ki, güclü dövlət və cəmiyyət qurmaq üçün savadlı, vətənpərvər və məsuliyyətli nəsil yetişdirilməlidir.
“Biz bir xalq olaraq daim inkişaf etməli, savadlanmalı, oxumalı və ölkəmizin keşiyində dayanmalıyıq. Şəhidlərimizin bizə əmanət etdiyi Vətəni qorumaq hər birimizin borcudur”, – deyə deputat əlavə edib.
Şəlalə Camal
Azmedia.Az


