Məhəmməd Əsədullazadə: 27 Sentyabr Zəfər salnaməmizin başlandığı gündür
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm şəhidlərin əziz xatirəsinin yad edildiyi, həm də ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan mübarizənin başladığı tarixi gün kimi xüsusi yer tutur.
Siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Azmedia.Az-a açıqlamasında bildirib ki, 27 Sentyabrda başlayan Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən haqq mübarizəsi kimi tarixə düşüb.
Ekspert qeyd edib ki, Azərbaycanın 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etməsi və torpaqlarını işğaldan azad etməsi gələcək nəsillər üçün mühüm tarixi nümunədir.
Onun sözlərinə görə, 27 Sentyabr Azərbaycan xalqının milli yaddaşının, dövlətçilik iradəsinin və milli ruhunun mühüm göstəricilərindən biridir.
M.Əsədullazadə vurğulayıb ki, Anım Günü yalnız şəhidlərin xatirəsinin yad edilməsi ilə məhdudlaşmır. Bu tarix həm də Azərbaycanın suverenliyinin bərpasının, milli ruhun təntənəsinin və dövlətçiliyin möhkəmlənməsinin rəmzlərindən biridir.
“Biz şəhidlərimizə borcluyuq. Onlar Azərbaycan tarixinin qəhrəmanları kimi yaddaşımıza həkk olunacaqlar. Gələcək nəsillər də onların qəhrəmanlığından nümunə götürməli, Azərbaycanı və dövlətçiliyimizi qorumalıdırlar”, – deyə siyasi ekspert bildirib.
M.Əsədullazadə qeyd edib ki, gələcək nəsillərin ölkənin təhlükəsizliyinə və dövlət müstəqilliyinə məsuliyyətlə yanaşması, tarixi hadisələri düzgün dərk etməsi mühüm əhəmiyyət daşıyır.
“27 Sentyabr bizim Zəfər salnaməmizin başlandığı gündür. Bu tarix həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də dövlətçiliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Şəlalə Camal
Azmedia.Az


