Şükufə Yusupova ağır qəzaya düşüb: qabırğa və çanaq sümükləri sınıb
Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupova ağır yol-nəqliyyat hadisəsi keçirib. Aktrisanın qabırğa və çanaq sümüklərinin sındığı bildirilir.
Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, Şükufə Yusupova Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun vəziyyəti ağır qiymətləndirilir. Əməliyyat olunmasına ehtiyac olduğu qeyd edilib.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü qadın avqustun 21-i saat 18:44 radələrində KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Pasiyentə dərhal ilkin tibbi yardım göstərilib və zəruri müayinələr aparılıb.
Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Sonrakı məlumatlara əsasən, Yusupovanın “İçərişəhər” metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən avtomobil tərəfindən vurulduğu bildirilir. Hadisə nəticəsində qabırğa və çanaq sümüklərinin sınığı ilə yanaşı, öd kisəsinin də zədələndiyi qeyd olunub.
///Report


