Arzu Əliyeva və Alyona Əliyeva “44” filminin premyerasında iştirak etdilər- FOTO
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, tarixi Zəfərə aparan yolu və torpaqlarımızın azadlığı uğrunda mübarizəni əks etdirən “44” bədii filmi ictimaiyyətə təqdim olunub. Ekran əsərinin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da iştirak ediblər.
Azmedia.Az xəbər verir ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən film gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi yaddaşın qorunması məqsədi daşıyır.
Təqdimat mərasiminin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında səsləndirilən “44” filminin saundtrekini dinləyiblər. Musiqi ifasının yaratdığı təsirli atmosferi ekranda nümayiş etdirilən, Azərbaycan xalqının Zəfərə gedən yolunu əks etdirən sənədli xronika müşayiət edib.
Xronikada Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə dövrünə, torpaqlarımızın azad olunmasına yönəlmiş Ümummilli Lider Heydər Əliyevin siyasətinə, eləcə də bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.
“44” bədii filminin çəkiliş prosesi ilə bağlı statistik məlumatları özündə birləşdirən videoçarxın nümayişindən sonra ekran əsəri tamaşaçılara təqdim olunub.
“44” – qəhrəmanlıq və məhəbbət dramı
Bir kursantın baxış bucağından təqdim olunan “44” filmi qəhrəmanlıq və məhəbbət mövzularını bir araya gətirən dramdır. Ekran əsərində xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi üçün ayağa qalxan nəslin ruhu, iradəsi və fədakarlığı canlandırılır.
Filmin süjet xəttinin əsas personajları Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri, polkovnik Ramazan Kərimovdur.
Şəxsi sınaqlar və sevgi münasibətləri fonunda filmdə gərgin hərbi əməliyyatlar da cərəyan edir. “44” yalnız müharibədən bəhs edən ekran əsəri deyil. Film Vətən sevgisi ilə yaşayan, ümidini heç vaxt itirməyən və torpaqlarının azadlığı uğrunda sonadək fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsini çatdırır.
Ekran əsərində Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfər bədii salnamə formasında təqdim olunur.
Filmin yaradıcı heyəti və istehsal prosesi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi istehsal miqyası, layihəyə cəlb olunan mütəxəssislərin sayı, çəkilişlərin aparıldığı coğrafiya, istifadə edilən texniki resursların həcmi və beynəlxalq əməkdaşlığın səviyyəsinə görə Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindən biridir.
Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyevdir. Ekran əsərinin quruluşçu operatoru Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru isə Teymur Kərimovdur.
Ssenarinin hazırlanmasından postprodakşn mərhələsinin başa çatmasına qədər filmin istehsalına ümumilikdə 5 il vaxt sərf olunub. Bu müddətin 2 ili bədii və rejissor ssenarilərinin yazılmasına, 1 ili çəkilişlərə hazırlıq işlərinə ayrılıb. Çəkiliş prosesi 14 ay, postprodakşn işləri isə 1 il davam edib.
Filmin daimi yaradıcı, aktyor və inzibati heyətinin sayı 455 nəfər təşkil edib. Hərbçilər, kütləvi səhnələrdə iştirak edənlər, epizodik rolları canlandıran aktyorlar və layihəyə cəlb edilmiş digər mütəxəssislər də nəzərə alındıqda, ekran əsərinin hazırlanmasında iştirak edənlərin ümumi sayı bir neçə min nəfərə çatıb.
Müxtəlif istiqamətlər üzrə layihəyə 198 mütəxəssis dəvət olunub. Çəkilişlərdə 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor və kütləvi səhnələrdə iştirak edən 2000-dək şəxs yer alıb.
Aktyor heyətində Vətən müharibəsinin iştirakçıları da var. Azərbaycan aktyorları ilə yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də filmdə rol alıb.
Çəkilişlərə başlamazdan əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Ekran əsərinin istehsalına Azərbaycan Ordusunun bütün qoşun və qüvvə növləri cəlb edilib.
Çəkilişlər 130-dan çox məkanda aparılıb
“44” filminin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada təşkil olunub. Ümumilikdə, çəkiliş prosesi 130-dan çox məkanı əhatə edib.
Filmin istehsalı zamanı 150-dən çox hərbi texnika, aviasiya vasitəsi, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqdan istifadə edilib.
Çəkiliş meydançalarına tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər cəlb olunub. Bununla yanaşı, atıcı silahlardan, pulemyotlardan, snayper tüfənglərindən, qumbaraatanlardan, tank əleyhinə raket komplekslərindən və minaatanlardan da istifadə edilib.
Genişmiqyaslı döyüş səhnələrinin real şəkildə canlandırılması üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, həmçinin xeyli miqdarda pirotexniki vasitə, tüstü effektləri yaradan materiallar, partlayıcı maddələr və xüsusi kaskadyor avadanlıqları tətbiq olunub.
Çəkilişlər zamanı əldə edilən 112 saatlıq materialın montajı bir il davam edib. Bu işlərin yekununda xronometrajı 2 saat 38 dəqiqə olan film ərsəyə gəlib.
13 ölkədən mütəxəssislər filmin hazırlanmasında iştirak ediblər
Layihənin müxtəlif mərhələlərində beynəlxalq mütəxəssislərin xidmətlərindən də istifadə olunub.
Kaskadyorluq və tryuk səhnələrinin quruluşu, pirotexniki effektlərin hazırlanması, çəkiliş meydançasında səs yazısı, operator dəstəyi, qrim işləri, musiqinin yazılması, səs miksi və səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqlarla təminat 13 ölkədən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçirilib.
Bu ölkələr ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadır.
Filmin kompüter qrafikası üzrə işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyada fəaliyyət göstərən “UMP” studiyasında aparılıb. 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşan studiyada görülən işlər zamanı heç bir süni intellekt məhsulundan istifadə edilməyib.
Ekran əsərinin postprodakşn mərhələsi, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri isə Polşanın bu sahədə ixtisaslaşmış, “Dolby Vision” sertifikatına malik “FixaFilm” studiyasında həyata keçirilib.
Görmə məhdudiyyəti olan tamaşaçılar üçün xüsusi versiya hazırlanıb
Filmin istehsalı zamanı əlçatanlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Müasir texnologiyaların tətbiqi ilə görmə imkanları məhdud olan tamaşaçılar üçün ekran əsərinin tifloşərhli versiyası hazırlanıb.
Premyera mərasiminin yüksək texniki səviyyədə keçirilməsi üçün Almaniya və Avstriyanın birgə şirkəti olan “Lang AG”dən müasir, ixtisaslaşmış proyeksiya ekranı alınıb. Bundan əlavə, Almaniyanın “BIG cinema” şirkətindən DCP formatında filmlərin nümayişini dəstəkləyən sistemə malik müasir texnologiyalı kinoproyektor icarəyə götürülüb.
Bu texnologiya Azərbaycanda belə miqyaslı bədii filmin yüksək keyfiyyətlə nümayiş etdirilməsi üçün ilk dəfə tətbiq olunub. Nümayiş zamanı yüksək səs keyfiyyətini təmin edən müasir sistemlərdən də istifadə edilib.
Ekran əsərinin premyerası münasibətilə çəkiliş prosesini, arxiv materiallarını və yaradıcı komandanın fəaliyyətini əks etdirən fotoşəkillərdən və məlumatlardan ibarət nəşr hazırlanıb. Həmçinin məhdud sayda xatirə hədiyyə dəstləri ərsəyə gətirilib.
Premyeradan sonra çıxışlar olub
Filmin təqdimatı başa çatdıqdan sonra şəhid ailələrinin üzvləri, İkinci Qarabağ müharibəsinin iştirakçıları, eləcə də ekran əsərinin yaradıcı və texniki heyətinin üzvləri səhnəyə dəvət olunublar. Onlar tədbirdə çıxış ediblər.
“44” bədii filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişinin təşkili, həmçinin müxtəlif kinofestivallarda iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “44” filmi oktyabrın 15-dən etibarən ölkənin kinoteatrlarında nümayiş olunacaq.


