Azərbaycanda 15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı
"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb".
Azmedia.Az xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
"Yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcək.
Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir", - deyə T.Mərdanoğlu bildirib.


