AzTV-də 35 min manatlıq uduş qalmaqalı: Aparıcılar pullarını ala biləcəkmi?

AzTV-də 35 min manatlıq uduş qalmaqalı: Aparıcılar pullarını ala biləcəkmi?

AzTV-də yayımlanması nəzərdə tutulan televiziya layihəsində iştirak edərək 35 min manat məbləğində uduş əldə etdiklərini bildirən aparıcılar Tural Əsədov və Afaq Gəncəlinin iddiası üzrə məhkəmə çəkişməsi yekunlaşıb.

Azmedia.Az xəbər verir ki, məlumata görə, aparıcılar Tural Əsədov və Afaq Gəncəlinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC AzTV) qarşı qaldırdıqları iddia üzrə qərar açıqlanıb.

İş materiallarından məlum olur ki, iddiaçılarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında 2023-cü ildə müqavilə imzalanıb. Həmin sənəddə AzTV-nin televiziya layihəsində iştiraka dair tərəflərin qarşılıqlı hüquq və vəzifələri, eləcə də üzərlərinə götürdükləri öhdəliklər müəyyənləşdirilib.

Müqavilənin 6-cı bəndində xüsusi olaraq qeyd edilib ki, “İştirakçının çəkildiyi şou buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılacaq”.

Aparıcılar cavabdeh tərəfin dəvəti əsasında 2023-cü ildə AzTV-də yayımlanan “Düşən Pullar” layihəsində iştirak ediblər.

Müsabiqənin qaydalarına uyğun olaraq, iştirakçılara təqdim edilən 100 min manat məbləğində vəsaitin sualları cavablandırmaq yolu ilə qorunub saxlanılması tələb olunub. Yarışın sonunda qorunaraq saxlanılan məbləğ iştirakçının mükafatı hesab edilib.

Tural Əsədov və Afaq Gəncəli layihədə birlikdə iştirak edərək yarışın sonunda 35 min manat məbləğində mükafat qazandıqlarını bildiriblər.

Lakin televiziya verilişinin sonradan efirə getməməsi səbəbindən həmin məbləğ onlara ödənilməyib.

Bununla bağlı aparıcıların AzTV-yə qarşı irəli sürdüyü iddia üzrə məhkəmə çəkişməsi başa çatıb və məsələ ilə bağlı qərar açıqlanıb.