“Barselona” azarkeşlərinə qeyri-adi imkan: Sevimli stadionlarında dəfn olunacaqlar

“Barselona” azarkeşlərinə qeyri-adi imkan: Sevimli stadionlarında dəfn olunacaqlar

Dünyanın müxtəlif ölkələrində yaşayan “Barselona” azarkeşləri üçün klubun stadionunda yaxınlarının xatirəsini əbədiləşdirmək imkanı yaradılır. Layihə çərçivəsində minlərlə xüsusi niş və xatirə lövhəsinin quraşdırılması nəzərdə tutulur.

Azmedia.Az xəbər verir ki, “Barselona” klubu “Kamp Nou” stadionunda “Memorial FC Barcelona” adlı xüsusi xatirə məkanının yaradılması layihəsini təqdim edib.

Yeni layihə çərçivəsində azarkeşlər yaxınlarının külünü stadionun ərazisində yerləşdiriləcək 26 min xüsusi nişdən birində saxlaya biləcəklər.

Xidmətdən yararlanmaq istəyənlər 10 il müddətinə 2490 avro, 50 il müddətinə isə 6000 avro ödəməli olacaqlar. Bununla yanaşı, hər il 70 avro texniki xidmət haqqının ödənilməsi tələb olunur.

Memorial məkanının 2027-ci ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır. Təxminən 1500 kvadratmetr ərazini əhatə edəcək xüsusi məkan stadionun meydançasına yaxın hissəsində yerləşəcək.

Layihə çərçivəsində ərazidə 9000 xatirə lövhəsinin də quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu xidmətdən istifadə etmək üçün “Barselona” klubunun üzvü olmaq şərt deyil. Layihə dünyanın bütün ölkələrində yaşayan “Barselona” azarkeşləri üçün açıq olacaq.