“2027-ci ildə cibimizə necə təsir edəcək? Vergilərlə bağlı yeni təkliflər”

“2027-ci ildə cibimizə necə təsir edəcək? Vergilərlə bağlı yeni təkliflər”

Azərbaycanda 2027-ci ildən vergi sistemində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur. Dəyişikliklər əməkhaqqı, kirayə gəlirləri, kənd təsərrüfatı, taksi və kuryer xidmətləri, restoranlar və gözəllik salonları da daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Azmedia.Az xəbər verir ki, Azərbaycanda 2027-ci ildən vergi siyasətinə yenidən baxılması və bir sıra dəyişikliklərin həyata keçirilməsi təklif edilir. Nəzərdə tutulan yeniliklər əməkhaqqından əldə olunan gəlirləri, kirayə ödənişlərini, kənd təsərrüfatını, taksi və kuryer xidmətlərini, restoranları, gözəllik salonlarını və digər fəaliyyət istiqamətlərini əhatə edir. Təklif olunan yeniliklər sırasında yeni vergi növlərinin tətbiqi ilə yanaşı, hazırda qüvvədə olan bəzi vergi güzəştlərinin dəyişdirilməsi də yer alır.

Yeni vergi ödənişlərinin və mövcud qaydalara ediləcək düzəlişlərin vətəndaşların gündəlik büdcəsinə, eləcə də sahibkarların fəaliyyətinə hansı təsirləri göstərəcəyi müzakirə mövzusudur. Bəs bu addımlar dövlət büdcəsinin gəlirlərinin artırılmasına xidmət etməklə yanaşı, bazarda qiymətlərin yüksəlməsinə və iqtisadi fəallığın azalmasına gətirib çıxara bilərmi?

Globalinfo.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli vergilərin, rüsumların və digər məcburi ödənişlərin artırılmasının nəticədə məhsul və xidmətlərin qiymətlərində də öz əksini tapdığını bildirib.

İqtisadçı qeyd edib ki, sahibkarlar, biznes təmsilçiləri, taksi və çatdırılma xidmətləri göstərən şəxslər əlavə vergi yükünü şəxsi vəsaitləri hesabına qarşılamaq niyyətində olmurlar. Onun sözlərinə görə, bu vəsaitlər son nəticədə istehlakçıların ödədiyi məbləğlərə əlavə olunur. Natiq Cəfərli məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

"Heç bir sahibkar, biznes nümayəndəsi, taksi yaxud çatdırılma xidməti ilə məşğul olan şəxs artan vergi və rüsumları öz cibindən ödəmir. Bu, dünyanın hər yerində belədir. Ona görə də Azərbaycanda yeni vergi növlərinin tətbiqi də qiymət artımına təsir göstərən amilə çevriləcək. Hökumət üzvlərinin bu təklifləri irəli sürərkən məqsədlərini anlamaq mümkündür. Onlar vergiləri artırmaqla büdcədə yarana biləcək problemlərin qarşısını almağı və dövlət büdcəsinə daha çox vəsait cəlb etməyi düşünürlər. Lakin belə addımlar iqtisadi fəallığın zəifləməsinə səbəb olur”.

Natiq Cəfərli ölkədə iqtisadi artım göstəricilərinin də gözlənilən səviyyəyə çatmadığını diqqətə çatdırıb. O, xüsusilə ümumi daxili məhsulun (ÜDM) artım tempinin mövcud vəziyyətinə toxunaraq, iqtisadi inkişafın daha yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb.

İqtisadçı bu məsələyə münasibət bildirərkən bildirib:

“Halbuki hamımız iqtisadi artımın daha yüksək, ən azı qonşu ölkələrin göstəriciləri səviyyəsində olmasını gözləyirik. Təəssüf ki, əsas hədəfin büdcə daxilolmalarını artırmaq olması bəzən əks nəticələrə gətirib çıxarır və iqtisadi fəallıqla bağlı problemlər yaradır. İstənilən halda, vergilərin və rüsumların artırılması biznes üçün əlavə xərclər yaradır. Bu isə nəticədə vətəndaşların ödədiyi qiymətlərin üzərinə əlavə olunur”.