Bakıda universitet binasının təmirinə milyonlarla vəsait ayrılır – Tenderin detalları açıqlandı

Bakıda universitet binasının təmirinə milyonlarla vəsait ayrılır – Tenderin detalları açıqlandı

Bakıda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci korpusunda əsaslı təmir işləri aparılacaq. Layihə çərçivəsində binanın möhkəmləndirilməsi, hidroizolyasiya və drenaj sistemlərinin qurulması da daxil olmaqla, genişmiqyaslı tikinti işləri nəzərdə tutulur. Bunun üçün 26 milyon manatdan artıq vəsait hesablanıb.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun əsaslı təmiri ilə bağlı dövlət satınalmalarının vahid internet portalında tender elanı yerləşdirilib.

Məlumata əsasən, satınalan təşkilat Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin publik hüquqi şəxsidir. Tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min 513 manat 51 qəpik müəyyənləşdirilib.

Satınalma çərçivəsində universitetin ikinci korpusunda əsaslı təmir işlərinin görülməsi, dəmir-beton konstruksiyaların möhkəmləndirilməsi, divarların və bünövrələrin hidroizolyasiyası, eləcə də drenaj sistemlərinin yaradılması planlaşdırılır. Bununla yanaşı, digər tikinti işlərinin də həyata keçirilməsi nəzərdə tutulur.

Tender sənədlərində 676 kubmetr torpaq işlərinin görülməsi, 845 kvadratmetr sahədə hidroizolyasiyanın aparılması və 325 metr drenaj borusunun quraşdırılması da öz əksini tapıb.

Məlumat Ajans.az-a istinadən verilir.