Siqaret idxalına yeni rüsum: Ödəniş 6 dəfə artırıldı!

Siqaret idxalına yeni rüsum: Ödəniş 6 dəfə artırıldı!

Azərbaycana gətirilən siqaret, siqar və siqarillalar üçün gömrük rüsumları artırılıb. Yeni dəyişikliklər nərə balığı kürüsünün və bəzi tekstil məhsullarının idxalına da şamil olunur.
Azmedia.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni sənədlə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, eləcə də idxal və ixrac gömrük rüsumlarının dərəcələri yenilənib.

Dəyişikliklər nəticəsində müəyyən edilmiş yeni qaydalar 2030-cu ilin sonunadək qüvvədə olacaq. Yeniliklər lüks qida məhsulları ilə yanaşı, tütün və tekstil sektorlarını da əhatə edir.

Yeni tariflərə uyğun olaraq, Azərbaycana idxal edilən nərə balığı kürüsünə 15 faizlik gömrük rüsumu tətbiq olunacaq. Bununla belə, hər kiloqram məhsul üçün ödəniləcək rüsumun məbləği 200 ABŞ dollarından aşağı müəyyən edilə bilməz. Əvvəlki qaydalara əsasən isə yalnız məhsulun idxal dəyərinin 15 faizi həcmində rüsum tutulurdu.

Tütün məhsullarının idxalı zamanı da gömrük ödənişləri artırılıb. Belə ki, siqar, siqaret və siqarillaların ölkəyə gətirilməsinə görə 15 faiz rüsum müəyyənləşdirilib. Bundan əlavə, hər 1000 ədəd məhsul üçün minimum 3 ABŞ dolları gömrük rüsumu ödəniləcək. Əvvəllər bu göstərici hər 1000 ədəd üçün 0,5 ABŞ dolları təşkil edirdi

Dəyişikliklər sənaye istehsalında istifadə edilən bəzi tekstil materiallarına da şamil olunub. Polivinilxloridlə hopdurulmuş və ya üzlənmiş parçaların idxalına tətbiq edilən gömrük rüsumu əvvəlki 0 və ya 5 faiz göstəricisindən 15 faizə yüksəldilib.

Qeyd olunur ki, qəbul edilən dəyişikliklərin əsas məqsədi yerli istehsalın qorunması və daxili bazarda qiymətlərin tənzimlənməsidir. Bu çərçivədə idxal rüsumlarının növbəti dörd il ərzində daha sərt qaydada tətbiqi nəzərdə tutulur.