Çində restoran sahibi əməkdaşlarına yeni BMW avtomobilləri bağışladı- FOTO
Çinin Henan əyalətində restoranlar şəbəkəsinin rəhbəri Ma Yanli soyuq havada elektrik skuterləri ilə işə gedən əməkdaşlarına yeni BMW avtomobilləri hədiyyə edib.
Azmedia.Az xəbər verir ki, Çinin Henan əyalətinin Ciaozuo şəhərində fəaliyyət göstərən ət restoranları şəbəkəsinin sahibi Ma Yanli nümunəvi fəaliyyəti ilə seçilən işçilərini avtomobillə mükafatlandırıb.
“South China Morning Post” nəşrinin məlumatına görə, rəhbər əməkdaşlarının əlverişsiz hava şəraitində elektrik skuterləri ilə işə gəlməsini görərək onlara avtomobil almaq qərarına gəlib.
Sentyabrın 24-də Ma Yanli işçilərini hədiyyələrini təhvil almaq üçün BMW avtomobillərinin satıldığı salona aparıb. Hər birinin qiyməti 300 min yuan, yəni təxminən 45 min dollar olan avtomobillərin ödənişini o, hədiyyələrin təqdim edilməsindən iki həftə əvvəl tam şəkildə edib.
Restoranlar şəbəkəsinin rəhbəri bildirib ki, bu fikir onda ötən qış yaranıb. Səkkiz ildir onun restoranında çalışan Li Cienin soyuq havada işə gəldiyini görən Ma Yanli əməkdaşının üşüməsinə biganə qala bilməyib.
Ma Yanlinin sözlərinə görə, şirkətin əldə etdiyi uğurlar bütün kollektivin əməyinin nəticəsidir və işçilər də bu uğurlardan öz paylarını almalıdırlar.
Qeyd edək ki, Ma Yanli 20 ildir iaşə sektorunda fəaliyyət göstərir.
///Baku.ws


