Keçmiş həyat yoldaşının qətlinə görə 25 min dollar təklif etdi – Azərbaycanlı siyasətçi həbs olundu-FOTO

Keçmiş həyat yoldaşının qətlinə görə 25 min dollar təklif etdi –

Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etməyə cəhd göstərməkdə ittiham olunaraq həbs edilib. İstintaq materiallarında cinayətin sifarişi üçün 25 min dollar təklif edildiyi bildirilir.

Azmedia.Az xəbər verir ki, Gürcüstanın Qardabani Bələdiyyə Şurasının keçmiş sədr müavini, müxalifətçi siyasətçi Rafi Orucov keçmiş həyat yoldaşının qətlini təşkil etməyə cəhd göstərməkdə ittiham olunur.

Məlumata görə, onun barəsində həbs qətimkan tədbiri Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili tərəfindən seçilib.

Məhkəmə iclasında prokurorluq Rafi Orucovun həbsdə saxlanılmasını tələb edib. Müdafiə tərəfi isə 50 min lari (təxminən 33 min manat) girov müqabilində onun azadlığa buraxılmasını istəyib. Məhkəmə prokurorluğun vəsatətini təmin edib.

İstintaqın irəli sürdüyü versiyaya əsasən, boşandıqdan sonra qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürməyi planlaşdıran Orucov tanışına 25 min dollar qarşılığında qatil tapmağı tapşırıb. O, cinayətin cütlüyün üç azyaşlı övladının yanında olmadığı vaxt həyata keçirilməsini də tələb edib.

Qeyd edək ki, Rafi Orucovun saxlanılması ilə bağlı daha əvvəl də məlumat yayılıb. Yerli medianın bildirdiyinə görə, keçmiş həyat yoldaşları arasında uzun müddətdir davam edən münaqişə məhkəmə çəkişmələri ilə də müşayiət olunub.

Rafi Orucova qarşı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə üzrə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.