İntensiv şəkildə yağan yağış çay və su anbarlarında artıma səbəb olub
Son 12 saat ərzində bölgəyə aylıq normanın 85 faizi qədər yağış yağıb və yağış intensiv şəkildə yağmaqda davam edir.
Azmedia.az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, yağıntılar Aran və Şimal-qərb bölgəsində çayların su ötürücülük imkanlarını artırıb. Məsələn,Türyançayın Ağdaş rayonu ərazisindən keçən hissəsində su ötürücülük imkanları 4 kubmetr artaraq saniyədə 18 kub metr həddinə çatıb. Şimal-qərb bölgəsinə aid Qanıx çayında isə ötürücülük həddi son sutka ərzində saniyədə 319 kub metr ölçüsündən 335 kub metr həddinə çatıb. Mingəçevirdə isə Kür çayına axıdılan suyun artan həcmi sayəsində anbarda su səviyyəsini 2 santimetr endirmək mümkün olub. Bir də bu enişə Yenikənd su anbarı istiqamətindən axan su həcminin nisbətən azalması da müsbət təsir edib. Hazlrda anbarda suyun səviyyəsi 80 metr 10 santimetr təşkil edir. Yağıntılar intensiv şəkildə indi də davam etdiyi üçün sutka ərzində bölgənin su hövzəsinin su ehtiyatlarının mövcud durumunda dəyişiklikərin baş verəcəyi də qaçılmazdır. Qeyd etmək lazımdır ki, son günlər ərzində Kür çayına anbardan buraxılan su həcminin artan dinamikası və aramsız yağıntılar çayın Yevlax, Ağdaş və Zərdab rayonları ərazisindən keçən hissəsində çayın artan və nəzərəçarpan səviyyəsi ilə müşayiət olunur.
Ehtiram Muradov
Azmedia.Az


