İrandan ABŞ-lə bağlı açıqlama: Danışıqlara hazırıq, təcavüzə qarşı müqavimət göstərəcəyik
İran xarici işlər naziri Abbas Əraqçı ABŞ-lə diplomatik danışıqların davam etdirilməsinə hazır olduqlarını, eyni zamanda hərbi təzyiqə qarşı müqavimət göstərəcəklərini bildirib.
Azmedia.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “NBC News”a müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Tehran həm diplomatik danışıqları davam etdirməyə, həm də mümkün hərbi təcavüzə qarşı müqavimət göstərməyə hazırdır.
Əraqçı bildirib ki, münaqişənin daha geniş miqyas alacağı halda belə İran geri çəkilməyəcək.
İran rəsmisi ABŞ-la uranın 60 faizə qədər zənginləşdirilməsi məsələsi ilə bağlı razılaşmanın müzakirə edilə biləcəyini də qeyd edib. Bunun üçün isə ilk növbədə tərəflər arasında qarşılıqlı etimadın bərpasının vacib olduğunu vurğulayıb.
Əraqçı İran tərəfindən irəli sürülən yeddi günlük planın da ABŞ-la qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Beləliklə, Tehran bir tərəfdən diplomatik danışıqlara açıq olduğunu bildirir, digər tərəfdən isə ABŞ tərəfindən hərbi təzyiqin davam etdirilməsi halında müqavimətin davam etdiriləcəyini açıqlayır.


