Azərbaycanın Mi-17 helikopterləri üçün Türkiyədə yeni silah sistemi hazırlanıb
Türkiyənin “Canik” müdafiə sənayesi şirkəti Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün yeni silah inteqrasiyası həyata keçirib.
Azmedia.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata əsasən, “Canik” şirkəti 12,7×99 millimetrlik M3 ağır pulemyotunun helikopterlərdə istifadəsi üçün hazırlanan FALCON FLEX 50 sistemi üzərində iş aparıb.
Layihə çərçivəsində Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün M3 FALCON pulemyotu ilə hava vasitələri üçün nəzərdə tutulan FALCON FLEX 50 silah dayağının inteqrasiyası həyata keçirilib.
İşlərin ilkin mərhələsində Türkiyənin inventarında olan Mi-17 helikopteri araşdırılıb. Daha sonra Azərbaycanda layihə ilə bağlı ilkin texniki işlər görülüb.
İnteqrasiya layihəsinin başa çatmasından sonra ilk prototiplərin sınaqları Türkiyənin Samsun şəhərində yerləşən müəssisədə simulyasiya yolu ilə həyata keçirilib.
Növbəti mərhələdə isə Azərbaycanda uçuşa yararlılıq və atış sınaqları keçirilib. Məlumata görə, həmin sınaqlar uğurla nəticələnib.
Şirkətin açıqlamasında sistemlərin 2026-cı il ərzində Azərbaycan Hərbi-Hava Qüvvələrinə təhvil veriləcəyi bildirilib.
FALCON FLEX 50 modul silah dayağıdır və helikopterlərin qapı, pəncərə və rampa hissələrinə uyğunlaşdırıla bilir.


