Mingəçevirin ən böyük qəbiristanlığında abidə sexi yenidən açılır - FOTO

Mingəçevirin ən böyük qəbiristanlığında abidə sexi yenidən açılır -

Mingəçevirin ən iri qəbiristanlığında problem həll olundu – sakinlər artıq başqa ünvan axtarmayacaq

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Mingəçevir şəhərinin ən böyük məzarlıqlarından biri olan məşhur "Əli" qəbiristanlığında uzun illər istifadəyə yararsız vəziyyətdə qalan abidə daşları sexi yenidən fəaliyyətə başlayır.

İndiyədək dünyasını dəyişən yaxınları üçün qəbirüstü abidə hazırlatdırmaq və ya mövcud abidələri fərqli formada dizayn etdirmək istəyən şəhər sakinləri bu xidmət üçün başqa ünvanlara müraciət etməyə məcbur qalırdılar. Şəhərin ən böyük qəbiristanlıqlarından birində belə bir sexin fəaliyyət göstərməməsi sakinlərin uzun illər narazılığına səbəb olmuşdu.

Bu problemin həlli istiqamətində təşəbbüsü abidə daşlarının hazırlanması üzrə təcrübəli mütəxəssis, Vətən müharibəsi qazisinin atası Türyan Həsənov öz üzərinə götürüb. O, artıq sıradan çıxmaq üzrə olan sexin yenidən qurulmasına və müasir standartlara uyğun şəkildə fəaliyyətə başlamasına qərar verib.

Hazırda sexdə ilkin hazırlıq işləri görülür, zəruri avadanlıqlar quraşdırılır. Müəssisə ən müasir texniki təminatla fəaliyyət göstərəcək. Artıq sexə müxtəlif ölkələrin istehsalı olan daş və mərmər nümunələri də gətirilib.

Türyan Həsənovun sözlərinə görə, əsas məqsəd insanların arzu və istəklərini, eləcə də maddi imkanlarını nəzərə alaraq keyfiyyətli xidmət göstərməkdir.

“Hamı istəyir ki, sifarişi həm keyfiyyətli olsun, həm də münasib qiymətə başa gəlsin. Biz də fəaliyyətimizi məhz bu prinsiplər üzərində quracağıq. Uzun illərdir bu sahədə çalışıram, insanlar məni və işimi yaxşı tanıyırlar. Artıq ilk sifarişlər də daxil olmağa başlayıb”, – deyə o bildirib.

Qeyd edək ki, sexdə Azərbaycanla yanaşı, Ukrayna, Çin və digər ölkələrin istehsalı olan daş və mərmərlərdən istifadə ediləcək. Mütəxəssisin sözlərinə görə, abidələrin qiyməti daşın mənşəyinə və seçilən dizayna uyğun olaraq 500 manatdan başlayır, 1500-2500 manat arasında dəyişir və bəzi hallarda daha yüksək məbləğə də çata bilir.

Burada əsas meyar sifarişçinin zövqü, istəyi və maddi imkanları olacaq. Abidələrin hazırlanması və dizaynı da məhz bu amillər nəzərə alınmaqla həyata keçiriləcək.

Ehtitam Muradov

Azmedia.Az