İticket.az” çökdü, azarkeşlər stadiona buraxılmadı – “Sabah” – “Barselona” matçı öncəsi problem
“Sabah” – “Barselona” qarşılaşması öncəsi bilet satışı ilə bağlı texniki problem yaranıb. Elektron bilet əldə edən azarkeşlər stadionun girişində çətinliklə üzləşiblər.
Azmedia.Az xəbər verir ki, bu gün keçirilən “Sabah” – “Barselona” matçı ərəfəsində bilet satışı ilə məşğul olan “İticket.az” platformasının mobil tətbiqində nasazlıq qeydə alınıb.
Belə ki, oyunun başlamasına təxminən bir saat qalmış tətbiqin fəaliyyəti dayanıb. Biletlərini məhz bu platforma vasitəsilə əldə edən vətəndaşlar stadionun girişində elektron biletlərini təqdim edə bilmədikləri üçün içəri buraxılmadıqlarını bildirirlər.
Vəziyyətlə bağlı suallar yaranıb. Belə ki, “İticket.az” platforması bu cür hallarda üzərinə götürdüyü məsuliyyəti yerinə yetirə bilmirsə, minlərlə insanın etibar etdiyi bilet satışını hansı əsasla təşkil edir?
Vətəndaşlar bilet almaq üçün ödəniş etsələr də, texniki nasazlıq səbəbindən səbirsizliklə gözlədikləri qarşılaşmanı stadiondan izləmək imkanından məhrum olurlar.
Ümid edirik ki, aidiyyəti qurumlar yaranmış vəziyyətə hüquqi qiymət verəcək və məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək.

